Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimovun Naxçıvan televiziyasına müsahibəsi
-Fondun məqsədi və missiyası
-Təhsil Tələbə Krediti Fondu təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək olmaq məqsədilə dövlət başçımız cənab İlham Əliyevin 2021-ci ildə 1367 nömrəli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Bu kreditlər, respublika ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulub. Burada əsas məqsəd təhsildə bərabər imkanlar yaratmaq, əhatə dairəsini genişləndirmək və keyfiyyəti artırmaqdır.
-Kredit almaq üçün tələb olunan əsas şərtlər hansılardır?
-Təhsil tələbə krediti tələbələrin təhsil haqqını ödəyə bilmələri üçün onlara dövlət tərəfindən verilən uzunmüddətli və güzəştli kredit növüdür. İki növü var: sosial və standard növ təhsil kreditləri.
Sosial TTK 2 faizlə verilir. Sosial TTK almaq üçün aşağıdakı şərtlərin biri tələbəyə aid olmalıdır.
1. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
2. Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar;
3. Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;
4. Ailə başçısını itirməyə görə sosial müavinət alanlar;
5. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya digər qanuni nümayəndələri:
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar;
- işsiz kimi rəsmi qeydiyyatlıdırsa;
- yaşa görə əmək pensiyası alırsa;
- yaşa görə sosial müavinət alırsa;
- ailə başçısını itirməyə görə pensiya alırsa;
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alandırsa;
- Azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsdirsə.
Standart TTK 6 faizlə verilir. Standart TTK almaq üçün tələbə aşağıdakı şərtlərin hamısına aid olmalıdır.
1. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olduqda;
2.İllik təhsil haqqının 20 faizini özü ödədikdə;
3.Sosial TTK almaq hüququ olmayanlar;
4. Birinci tədris ilinin ilk semestri üçün DİM imtahanında əldə etdiyi qəbul balına baxılır:
- Bakalavriat səviyyəsi üçün 250 (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 100 bal);
- Magistratura səviyyəsi üçün 50 (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 30 bal;
- Subbakalavriat səviyyəsi üçün 110 bal;
- Yüksək texniki peşə və texniki peşə təhsili səviyyəsi üçün attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası 3.
Naxçıvan təhsil müəssisələrinin bu kredit imkanlarından yararlanma statistika necədir?
Statistikaya əsasən, Fond fəaliyyətə başladığı gündən portala 66 mindən artıq müraciət daxil olmuş, 52 mindən artıq təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir.
NMR-də fəaliyyət göstərən təhsil müəssisələri üzrə müraciət və rəsmiləşmə sayına baxarsaq, bugünə qədər portala 2054 müraciət sayı daxil olmuş, onlardan 1746 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, bu rəqəmlər hər an artan dinamika ilə dəyişilir.
Naxçıvandakı görüşlərdə suallar və narahatlıqlar nələrdir?
Naxçıvan Muxtar Respublikasına səfər çərvəsində Naxçıvan Dövlət Univeristeti, Naxçıvan Müəllimlər İnstitutu, NDU-nun nəzdnindəki kolleclər, həmçinin Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr və pedaqoji heyəti ilə də görüşlər keçirdik.
Təhsil tələbə kreditləri üçün müraciət prosesi, kreditlərin növləri, tətbiq olunan güzəştlər, geri ödənişlər və sair kimi suallar tələbələrin maraq dairələrində olan, əsas suallar sırasında idi. Əsas narahatlıq təhsil kreditlərin istehlak kreditləri ilə qarşılaşdırılması oldu. Lakin biz izah etdik ki, TTK ümumiyyətlə, bank kreditlərindən çox fərqlənir. Bu istehlak krediti deyil. Girov və zaminlik tələb olunmur, uzunmüddətli və çox kiçik faizlərlə verilir. Ümumiyyətlə Fondun qeyri-kommersiya qurumu olduğunu, gəlir və mənfəət məqsədinin olmadığını bir daha vurğulamaq istəyirəm.
-Əlavə güzəştlər və ya xüsusi proqramlar planlaşdırılırmı?
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən, təhsil tələbə kreditləri ilə bağlı hər hansı əlavə güzəştlərin tətbiq edilməsi üçün təkliflərin təsdiq edilməsi Fondun Himayəçilik Şurasının təsdiqinə əsaslanır. Bu o deməkdir ki, təhsil kreditlərinə əlavə güzəştlərin tətbiqi, müvafiq təkliflərin Himayəçilik Şurası tərəfindən nəzərdən keçirilməsi və təsdiqlənməsi ilə mümkündür.
-Kreditlərin ödənilməsi mərhələsində hansı güzəşt mexanizmləri mövcuddur?
-Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır. Belə ki:
1.Sosial növdə ÜOMG-si 71,
2.Standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır;
3.Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldığı Sosial TTK-nın 50 faizi, Standart TTK-nın isə 25 faizi hissəsinin geri ödənişindən azad olunur.
Tələbə və məzunların gələcəkdə götürdükləri kreditləri geri qaytarmalarına dəstək məqsədilə Fond tərəfindən daimi iş aparılır. Fondun daxili imkanları hesabına tələbə və məzunlar təlimlərə cəlb olunur, onların əmək yarmarkalarında və təcrübə proqramlarında iştirakı təmin edilir. Həmçinin, məzunların əmək bazarına inteqrasiyasına dəstək olmaq üçün müxtəlif dövlət və özəl qurumları ilə Əməkdaşlıq Memorandumları imzalanıb. Memorandumlar könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi məqsədilə birgə fəaliyyətin təşkilini nəzərdə tutur.
-Kreditlərin ödəmə şərtləri necədir və geri ödəniş dövrü nə zaman başlayır?
-Valideynlər bilməlidirlər ki, təhsil krediti tələbəyə verilir və o, oxuduğu dövrdə heç bir vəsait qaytarmır, faiz hesablanması getmir, üstəlik, təhsilini bitirəndən sonra da 2 il güzəşt müddəti olur. Bu müddət ərzində o, iş tapar və işə başlayarsa, sistem onu avtomatik olaraq aşkarlayır və geri ödəmə dövrünü başladır. Geri ödəmə dövrü 10 il davam edir. Bu müddət üçün bərabər hissələrə bölünmüş qrafik formalaşdırılır. Tələbə məzun olduqdan sonra onun təhsil nəticələrinə uyğun olaraq götürdüyü krediti faizsiz, yaxud güzəştlə qaytaracağına qərar verilir.
-Sosial həssas kateqoriyadan olan tələbələr üçün hansı dəstəklər mövcuddur?
-Fondun təşəbbüsü ilə TTK-dan yararlanmış hər bir tələbə müxtəlif layihələrə, təlimlərə və təcrübə proqramlarına cəlb edilir. Bu, tələbələrin həm akademik, həm də peşəkar inkişafını dəstəkləyən əhəmiyyətli bir addımdır. Belə proqramlar sayəsində tələbələrə nəzəri bilikləri praktikada tətbiq etməyi, müvafiq sahələrdə təcrübələr qazanaraq əmək bazarında rəqabət qabiliyyətliliyi artırmaq imkanı yaradır.
-Kredit alma prosesi tam onlayn mümkündür, yoxsa müəyyən sənədləşmə tələb olunur?
-Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün https://e-ttkf.edu.az/ portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, asan imza və e-imza ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür.
-Prosedurların sadələşdirilməsi üçün hansı dəstək vasitələri mövcuddur?
-Müxtəlif dəstək vasitələri mövcuddur. Bu dəstəklər arasında Fondun 146-5 Çağrı Mərkəzi, Yardım Masası və TTKF-nin təşkil etdiyi Könüllülər layihəsində iştirak edən könüllülər tərəfindən göstərilən yardımlar.
Çağrı Mərkəzi vasitəsilə tələbələr təhsil kreditinin şərtləri, müraciət qaydaları və digər suallar haqqında məlumat ala bilərlər. Fondun ofisində Yardım Masası fəaliyyət göstərir. Vətəndaşların müraciət etdikləri vaxt birbaşa xidmət göstərilir, onların müraciətlərinə sürətli cavab verilir və yardım təmin edilir. Həmçinin, könüllülər bu prosesdə tələbələrə məsləhət verərək, onların müraciətlərini izləyir və düzgün məlumatların çatdırılmasında kömək edir.Bu vasitələr tələbələrin kredit almaq üçün lazım olan bütün məlumatları düzgün əldə etmələrini təmin edir və onların təhsil alma yolunda çətinliklər yaşamadan irəliləmələrinə kömək edir.
-Fondun yaxın gələcək üçün prioritetləri nələrdir?
-TTKF-nin prioritetləri arasında təhsil kreditlərinin verilməsinin genişləndirilməsi, təhsil sahəsində maarifləndirmə tədbirlərinin daha da artırılması və təhsil müəssisələri ilə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2024-2025-ci təqvim ilinin hədəf prioriteti ilin sonuna qədər 60 000-dir. Qarşıya qoyulan hədəfə isə çox yaxınıq.
-Əvvəl çalışdığınız sahə bu sahədə uğur qazanmağınıza yol açdı?
-Uzun illər sosial sahədə çalışdığım üçün, vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən müxtəlif layihələrdə geniş təcrübə qazanmışam. Qazandığım bu təcrübə dövlətin sosial siyasətinin insanlar üzərində necə konkret təsir yaratdığını öyrətdi və bu biliklər mənim daha geniş peşəkar hədəflərimə çatmaqda mühüm rol oynadı.
Təhsil almaq istəyən tələbələrə nə tövsiyə edərdiniz?
Təhsil almaq hər bir gəncin gələcəyini formalaşdıran vacib amillərdən biridir. Təhsil Tələbə Krediti Fondu olaraq, biz bütün sosial həssas qruplardan olan tələbələrə dəstək olmaqdan məmnunluq duyuruq. Tələbələrin önündəki maliyyə çətinliklərinin onları narahat etməməsini bildirmək istəyirik. Şərtlərə uyğun olaraq təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək olmaq bizim başlıca prioritetimizdir. Fərq etmir, tələbələr ucqar ərazidə yaşayırlar, yoxsa şəhər mərkəzində, biz hər bir tələbəyə eyni dərəcədə dəstək olmağa çalışırıq. Əsas məqsədimiz, hər bir gəncin təhsilini davam etdirməsi və gələcəyini qurması üçün lazım olan imkanları təmin etməkdir.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru