700 ballıq zəka: Kiçik yaşda böyük uğur - FOTOLAR
Cavid Bağırov — Şəhid Vəli Quliyev adına tam orta məktəbin III D sinif şagirdidir. Yaşının az olmasına baxmayaraq qazandığı uğurlar onu həm məktəb, həm də ölkə səviyyəsində fəxr ediləcək şagirdlərdən birinə çevirib. Onun istedadı, zəhməti və əzmkarlığı bir çox həmyaşıdına nümunədir. Cavid beynəlxalq səviyyədə keçirilən olimpiadalarda iştirak edərək, bütün rəqiblərini geridə qoyub və yarışın qalibi kimi qızıl medal qazanıb. Bu nailiyyət yalnız onun şəxsi uğuru deyil, həm də ölkəmizin təhsil sisteminin və gənc nəslin potensialının bariz göstəricisidir.
Naxçıvan televiziyasına müsahibəsində Cavid Bağrov danışır
— Mən Bağrov Cavid Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbin III-C sinfində oxuyuram. Bu il beynəlxalq səviyyədə keçirilən AMO olimpiadasında birinci oldum və qızıl medal qazandım. Həmçinin Octopus olimpiadasının birinci mərhələsində də yüksək nəticə göstərdim və ikinci mərhələyə keçdim. Ümumilikdə 11 qızıl, 2 gümüş və 3 bürünc medalım var. Bu uğurlara görə valideynlərimə və müəllimlərimə təşəkkür edirəm. Onlar hər zaman yanımda olublar, mənə dəstək veriblər.
— 700 bal topladığını eşidəndə hansı hissləri keçirdin?
— Çox həyəcanlandım. Tərləmişdim. Əvvəlcə bu xəbəri mənə nənəm verdi, dedi: “700 bal toplamısan”. Nəticələr gələndə baxdım ki, doğrudan da 700 bal yığmışam. Hamı – qohumlar, müəllimlər, dostlar məni təbrik etdi.
— Boş vaxtlarını necə keçirirsən?
— Qardaşımla vaxt keçirirəm, kitab oxuyuram, dərslərimi hazırlayıram mütəmadi. İstəyirəm ki, uğurum zəhmətimlə bağlı olsun.
— Ən sevdiyin fənn hansıdır?
— Riyaziyyat. Həm çətindir, həm də çox maraqlıdır. Bir də Azərbaycan dilini çox sevirəm. Çətin suallar olanda beynimi işlədirəm. Cavabı tapana qədər dayanmıram. Başa düşmədiklərimi müəllimim izah edir. Gün ərzində sinif çalışmalarına 1, riyaziyyat fənninə isə 2-3 saat vaxt ayırıram. Artıq demək olar ki, IV sinifin suallarını işləyirəm. Balaca vaxtı anam mənə suallar verirdi, mən də onları beynimdə tez hesablayırdım. Anam gördü ki, riyaziyyata qabiliyyətim var, məni kursa yazdırdı. O gündən bu yana riyaziyyat həyatımın bir hissəsinə çevrilib. İndi ingilis dilini öyrənməyə səy göstərirəm lakin ürəyim istədiyi səviyyədə deyiləm. Həmçinin məktəbdə şahmat dərslərinə də çox vaxt ayırıram. Şahmat həm maraqlı, həm də düşüncəni inkişaf etdirən oyundur.
— Uğur qazanmaq üçün sənin fikrincə nə etmək lazımdır?
— Dərs oxumaq, əlavə kitablar mütaliə etmək və ən əsası, zəhmət çəkmək. Zəhmətsiz uğur olmur. Bu uğurları görəndə özümlə qürur duyuram. Məsələn, hazırlıqda bir şagird mənə dedi: “Sən o yüksək bal yığan şagirdsən düzdür?” Bu, çox xoş idi.
Müəllimlərimdə məni çox sevir və tərifləyirlər. Deyirlər ki, “oxuyan uşaqdır, siz də nümunə götürün”.
Bu nailiyyətlər biraz da şans ola bilər amma mən doğrudan da çox çalışıram. Uğurumda Nənəm, babam, anam, əmim, müəllimlərim və dostum Oqtay.
— Əgər sənin ixtiyarında olsa, dünyada nəyi dəyişmək istərdin?
— Elə uşaqlar var ki, məktəbə gedə bilmirlər. İstəyərdim ki, onlar da oxuya bilsinlər, təhsil ala bilsinlər.
— Sonda demək istədiyin bir söz varmı?
— Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Ən çox da valideynlərimə və müəllimlərimə. Onlar əziyyət çəkdilər, mən də çalışdım və nəticə qazandım.
Pnar Yusifli
Naxçıvan televiziyasının əməkdaşı