NDU-da “Bədii yaradıcılıq müsabiqə-festivalı” keçirilib - FOTOLAR
NDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102, Naxçıvan Muxtar Respublikasının yaranmasının 101 illiyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə-festivalı” keçirilib
NUHÇICAN xəbər verir ki, öncə universitetin İncəsənət fakültəsində tələbələrin rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.
Sonra “Bədii yaradıcılıq müsabiqə-festivalı”nın açılış mərasimi başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Naxçıvan Dövlət Universiteti və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə rektor Elbrus İsayev, Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Xalq artisti Gülyanaq Məmmədova, Qarabağ Universitetinin İncəsənət fakültəsinin ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli və digər nümayəndələr, universitetin rəhbər heyəti, müəllim və tələbələri iştirak ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102, Naxçıvan Muxtar Respublikasının yaranmasının 101 illiyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə-festivalı”nı açıq elan edərək, qonaqları salamlayıb.
Rektor ənənəvi olaraq keçirilən və bu gün dördüncü dəfə universitetdə təşkil olunan müsabiqə-festivalın mədəniyyətimizə qazandırdığı dəyərlərin mahiyyətindən danışıb. Bildirilib ki, tədbir özfəaliyyət qruplarında istedadlı gənclərin aşkarlanması, qiymətləndirilməsi və tanıdılmasını yönündə ölkədə keçirilən mütərəqqi və əsas tədbirlərdən biridir. Eyni zamanda tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Həmçinin gənclərin bədii-estetik zövqünü inkişaf etdirmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlarının üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından önəmli rola malikdir.
Daha sonra tədbir “Cəngi” nağara çalanlar ansamblı, “Qədim xalq çalğı alətləri ansamblı” və Rəqs kollektivinin ifasında rəngarəng çıxışlar ilə davam edib.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov çıxış edərək beş kateqoriyada fərqli və zəngin təqdimatların yer aldığı müsabiqə mərhələsi haqqında məlumat verib.
Sonra müsabiqəyə start verilib. Milli və dünya xalqlarının çalğı alətlərinin ifası, bədii qiraət, vokal, saz, rəqs kateqoriyalarında iştirakçıların təqdimatı izlənilib. Tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri dərnək və studiyalar, solo ifaçılar, bədii qiraətçilər, həvəskar rəqqas və musiqiçilər, həmçinin orkestr və ansambllar, rəqs kollektivləri, solo ifaçılar çıxışlarında bacarıqlarını nümayiş etdiriblər. Çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Bildirək ki, müsabiqə-festival müxtəlif nominasiyalar üzrə təşkil olunub və bütün mərhələlərdən uğurla keçən tələbələr may ayında yekun konsertdə iştirak hüququ qazanırlar.
Qeyd edək ki, müsabiqə mərhələsindən sonra həmin gün növbəti görüşdə münsiflər heyətinin üzvləri Xalq artistləri Mübariz Tağıyev, Təranə Muradova, Gülyanaq Məmmədova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Arslan Növrəsli tələbələr üçün ustad dərsi keçiblər.