Baş Prokurorluq və Qarabağ Universiteti əməkdaşlıq edəcək - FOTOLAR
Baş Prokurorluqla Qarabağ Universiteti arasında ali təhsil müəssisəsinin ECOLEAD layihəsinə tərəfdaş olaraq qoşulması üçün memoranduma əlavə imzalanıb.
NUHÇIXAN xəbər verir ki, mərasim aprelin 14-də Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfransdan sonra baş tutub.
Sənədi Baş prokurorun müavini Heydər Məmmədov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov imzalayıb.
Qeyd edək ki, memoranduma əlavə ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə imzalanıb.
Qarabağ Universitetinin tərəfdaşlığı ilə həyata keçiriləcək ECOLEAD layihəsi Azərbaycanın təhsil və hüquq sahəsindəki inkişafını dəstəkləyən, elmi araşdırmalar və bilik mübadiləsini təşviq edən mühüm bir addım olaraq qiymətləndirilir.
Ali təhsil müəssisəsinin bu layihəyə qoşulması Azərbaycanın ətraf mühitin qorunması sahəsində beynəlxalq təcrübə ilə birgə fəaliyyətlərini genişləndirməsinə imkan verəcək. İndiyədək bu layihəyə Qarabağ Universiteti ilə yanaşı, Bakı və Naxçıvan dövlət universitetləri də qoşulub.
Xatırladaq ki, ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mahfizə tədbirləri) “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universitetinin birgə həyata keçirdiyi layihədir.