“Nehrəm Xeyriyyə Cəmiyyəti” İctimai Birliyi Cəlil Məmmədquluzadənin 150 illik yubileyini qeyd edib - FOTOLAR
“Nehrəm Xeyriyyə Cəmiyyəti” İctimai Birliyi böyük demakrat yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin 150 illik yubileyini qeyd edib. Bu barədə NUHÇIXAN-a xeyriyyə cəmiyyətindən məlumat verilib.
Tədbirdə xeyriyyə cəmiyyətinin idarə heyətinin üzvü Nəcəfalı Cahangirli Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyətindən, onun milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz xidmətlərindən danışıb.
Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədov isə Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə göstərilən dövlət qayğısından bəhs edib. Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq ölkəmizdə yazıçıya həsr olunmuş silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb. A.Məmmədov yazıçı haqqında qiymətli əsərlərin yazıldığını, ədibin yaradıcılığının tədqiq olunduğunu xatırladaraq bildirib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbi dilinin xalq dili əsasında formalaşmasında və ana dilinin saflığının qorunması uğrunda daim mübarizə aparıb. Bu gün ana dilinin saflığı uğrunda mübarizədə böyük mütəfəkkirin irsindən geniş istifadə olunur. Qeyd olunub ki, yazıçının azərbaycançılıq ideologiyasının tərəfdarı olması onu özündən əvvəlki və sonrakı mütəfəkkirlərdən fərqləndirən əsas elementlərdir. Onun dərin humanist məzmuna malik dram və nəsr əsərləri, bədii publisistikası özündə milli və bəşəri dəyərləri ehtiva edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əli Əlirzayev Mirzə Cəlilin Nehrəmdə yaşayıb fəaliyyət göstərdiyi dövrün xüsusi yer tutduğunu söyləyib. Qeyd edib ki, Nehrəmdə dərs dediyi illərdə fəaliyyətini millətin maariflənməsinə, qəflət yuxusundan oyanmasına və tərəqqisinə həsr edən böyük ədib Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrini yaradıb.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, Cəlil Məmmədquluzadə irsinin araşdırıcısı Elxan Nəcəfov, xeyriyyə cəmiyyətinin üzvlərindən Səftər Mehdiyev və Kamil Məmmədov ədibin yaradıcılığından danışıblar.
“Nehrəm Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin sədri Vahid Bayramov tədbir iştirakçılarına təşəkkürünü bildirərək Mirzə Cəlil irsinin öyrənilməsinin hər bir azərbaycanlının müqəddəs borcu olduğunu deyib.
Yığıncaqda Suraxanı rayonu 311 nömrəli orta məktəbin şagirdləri yazıçıya həsr olunmuş şeirlər səsləndiriblər.