“İlham Əliyev: Qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı (2003-2023)” kitabının təqdimatı olub - FOTOLAR

A- A A+

Aprelin 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru Sevinc Abbasovanın “İlham Əliyev: Qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı (2003-2023)” kitabının təqdimatı keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm xadimləri, media mənsubları və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Elmi Kitabxanada Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər, önünə gül dəstələri qoyublar.

Təqdimat mərasimini AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq kitab haqqında təəssüratlarını bölüşüb, əsərdə 2003-2023-cü illərdə müstəqil Azərbaycan dövlətinin təməllərinin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edən gender siyasətinin ön plana çəkildiyini söyləyib. Bildirib ki, yeni nəşrdə dövlətimizin milli-mənəvi dəyərlərimizin gender siyasətinin əsas perspektiv istiqamətinə çevrilməsi yolunda atdığı addımlardan və gender bərabərliyinin inkişafında bir sıra taleyüklü məsələlərdən bəhs olunub.

AMEA rəhbəri qeyd edib ki, tarix elmləri doktoru Sevinc Abbasova çoxillik elmi axtarışlarının nəticəsi olan “İlham Əliyev: Qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı (2003-2023)” kitabında bu mövzuda özünə qədər yazılanlara hörmət və ehtiramını bildirməklə yanaşı, dövlətimizin başçısının siyasətinin həyata keçirilməsi haqqında öz fikirlərini və mövqeyini ortaya qoyur. Əsərdə Sevinc Abbasovanın şəxsi mövqeyi və elmi mövqeyinin bir-birini tamamlaması nəşrin elmi əhəmiyyətini daha da artırır.

Akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin ənənələri əsasında, Prezident İlham Əliyevin apardığı siyasətin işığında Azərbaycanda qadın hərəkatının inkişafı, gender bərabərliyi siyasətinin həyata keçirilməsinə həsr olunmuş kitabı Azərbaycan tarixşünaslıq elminə dəyərli töhfə kimi qiymətləndirib. O, nəşrdə Ulu Öndərin bu istiqamətdəki fəaliyyətinin, eləcə də dövlətimizin başçısının apardığı siyasətin elmi cəhətdən, əsaslandırılmış şəkildə təqdim edildiyini vurğulayıb.

Kitabın təqdimatının Azərbaycanda qadın hərəkatının əsasını qoyanlardan biri, görkəmli alim, akademik Zərifə Əliyevanın vəfatının 40-cı ildönümü günündə keçirilməsinin təsadüfi olmadığını söyləyən AMEA rəhbəri onun ötən əsrdə Azərbaycanda qadın ziyalılarının aparıcı qüvvəsi olduğunu bildirib. Qeyd edib ki, akademik Zərifə Əliyeva təkcə Azərbaycan tarixi üçün deyil, bütövlükdə dünya üçün əsl qadın örnəyidir.

Daha sonra görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Məclisin komitə sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova çıxış edərək ictimaiyyətə təqdim olunan nəşrin gender bərabərliyinin təmin olunmasında Azərbaycan modelini dərindən anlamaq və öyrənmək istəyənlər üçün dəyərli vasitə olduğunu bildirib.

“Ölkəmizdə dövlətin həyata keçirdiyi qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır”, - deyən komitə sədri bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O qeyd edib ki, respublikamızda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. O, öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.

Professor Hicran Hüseynova yeni nəşrdə nəzəri əsaslarla praktiki təhlillərin vəhdətinin yaradıldığını, mövzunun müxtəlif aspektlərdən araşdırıldığını deyib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və ədəbi abidələr şöbəsinin baş elmi işçisi professor Qəzənfər Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi professor Həvva Məmmədova, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova, AMEA-nın Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə, AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud müəllifin yaradıcılığından və kitabın məziyyətlərindən danışıblar. Qeyd olunub ki, təqdim olunan əsər qiymətli elmi mənbədir.

Daha sonra nəşrin müəllifi tarix elmləri doktoru Sevinc Abbasova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda müəllif tərəfindən hazırlanmış qadın siyasətinə və gender bərabərliyinə həsr olunan videoçarx nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: