“Lambert Academic Publishing” nəşriyyatı Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun “Osmanlı imperiyasında erməni məsələsi problemi” kitabını təkrar nəşrə hazırlayır.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, kitabda XIX əsrdə Osmanlı imperiyasında “erməni məsələsi” adlı qondarma fikrin ortaya atılmasında çar Rusiyasının, İngiltərənin, Fransanın, eləcə də erməni kilsə və missioner təşkilatlarının rolu araşdırılıb. Həmçinin Türkiyə tarixşünaslığının mövqeyi ortaya qoyulub. Kitabda Azərbaycan, Rusiya, Qərb tədqiqatçılarının əsərləri və Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Osmanlı Arxivinin sənədləri müqayisə edilərək, təhlil aparılıb.
Monoqrafiya mütəxəssislər, tarixçilər, siyasətçilər, habelə Osmanlı tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Xatırladaq ki, kitab 2017-ci ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr edilib və elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.