Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq, Şura əməkdaşları BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib.
NUHÇIXAN xəbər verir ki, “Mediada uşaq hüquqlarının qorunması” mövzusunda keçirilən seminarda BDU-nun kafedra müdiri Aynur Nəsirova audiovizual media və onun tənzimləməsi məsələlərinə tələbələrin göstərdiyi maraqdan söhbət açıb.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev təlimin audiovizual medianın qanunvericiliyə uyğun tənzimlənmə formalarının öyrənilməsinə xidmət etdiyini söyləyib. O, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) “Media xidmətlərində uşaqların müdafiəsi” mövzusunda 11-ci Toplantısına dair yekunları barədə danışıb.
Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı “Mediada uşaq hüquqlarının qorunması” mövzusu ilə bağlı geniş təqdimatla çıxış edib. O qeyd edib ki, “Media haqqında” Qanun ilə tənzimlənən audiovizual, çap və onlayn media subyektlərinin fəaliyyətinə nəzarəti Şura və Medianın İnkişafı Agentliyi reallaşdırır.
Görüş sual-cavab formatında davam edib.