Misirdə AMEA-nın Tarix İnstitutunun ərəbcə nəşrlərinin təqdimatı olub - FOTOLAR
Misir Ərəb Respublikasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin təqdimatı keçirilib.
Tarix İnstitutundan NUHÇIXAN-a bildiriblər ki, tədbir Azərbaycanın Misirdəki səfirliyi tərəfindən təşkil olunub.
Təqdimat mərasimində Tarix İnstitutunun nümayəndə heyəti, Misirin nüfuzlu elm və ictimai xadimləri, azərbaycanlı və misirli tələbələr iştirak ediblər.
Ölkəmizin Misirdəki səfiri Tural Rzayev, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, professor Usamə Əl-Əbd və başqaları tədbirdə çıxış ediblər.
Yaqub Mahmudov iştirakçılara ərəb dilindəki nəşrlər - “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitabları barədə ətraflı məlumat verib.
Daha sonra professor Usamə Əl-Əbdə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.
Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Misirdəki səfirliyində azərbaycanlı və misirli tələbələrlə görüşüb. Görüşdə Misirdə təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan dilini öyrənən bir qrup misirli tələbə iştirak edib.
Sonda tələbələrə Tarix İnstitutunun ərəb dilindəki nəşrləri təqdim olunub.