"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş elmi konfrans keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransın plenar iclasını açaraq "Konstitusiya və Suverenlik İli" çərçivəsində bölmədə keçirilən konfrans və tədbirlər, görülməsi nəzərdə tutulan işlər barədə qısa məlumat verib, bu gün baş tutan konfransın professor Vəli Baxşəliyevin təşəbbüsü ilə keçirildiyini qeyd edib. Bölmə sədri bildirib ki, konfransın materialları artıq çap olunub.

Daha sonra akademik İsmayıl Hacıyev “Azərbaycanın tarixi ərazisi olan Qərbi Zəngəzurun Ermənistan SSR tərkibinə verilməsi” başlıqlı məruzəsini təqdim edib.

İsmayıl Hacıyev məruzəsində XIX əsrdə Yelizavetpol quberniyasının tərkibində mövcud olmuş Zəngəzur mahalı, onun əhatə etdiyi ərazilərdən bəhs edib. Zəngəzur toponiminin etimologiyası, əhalisinin etnik tərkibi, bölgəyə ermənilərin süni şəkildə köçürülməsi sayəsində burada demoqrafik vəziyyətin dəyişdirilməsi barədə danışıb.

Çar Rusiyasının ermənipərəst siyasətinin Sovet Rusiyası zamanında da davam etdiyi nəzərə çatdıran akademik “mübahisəli” ərazilərimizin ermənilərə verilməsindən, dövrün ictimai-siyasi reallığı və N.Nərimanovun mövqeyi ilə bağlı elmdə mövcud olan bəzi fikir ayrılıqlarından danışıb.

Natiq mövzu ilə bağlı aparılan araşdırmaları, qələmə alınan elmi tədqiqat əsərlərini diqqətə çatdırıb. Qərbi Zəngəzurun itirilməsinin Azərbaycan və bütünlükdə Türk dünyası üçün zərərləri, Zəngəzur dəhlizi və başqa mühüm məsələlərə toxunub.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvanda qədim mədəniyyətlərin izləri” mövzulu məruzəsində bildirib ki, muxtar respublikada aparılan arxeoloji tədqiqatlar bu ərazidə insanların hələ Daş dövründən yaşadığını sübut edir.

Alim vurğulayıb ki, Naxçıvanın qədim mədəniyyətləri Yaxın Şərq ölkələri ilə qarşılıqlı əlaqə şəraitində inkişaf edib. Bölgədə Boyalı qablar, Ubeyd, Dalmatəpə, Xocalı-Gədəbəy mədəniyyətlərinin izlərinə rast gəlinməsi Naxçıvanın Şimali Mesopotamiya və Urmiya hövzəsi ilə əlaqələrinin Neolit dövrünə gedib çıxdığını göstərir. O, həmçinin qeyd edib ki, Naxçıvan Cənubi Qafqazla Yaxın Şərq arasında mədəni körpü rolunu oynamış və burada yaşayan tayfalar öz müstəqilliklərini qorumaq uğrunda mübarizə aparmışlar.

Muxtar respublikanın arxeoloji abidələrlə zəngin olduğunu dilə gətirən arxeoloq-alim bildirib ki, aparılan araşdırmalar və onların nəticəsi bölgədə hələ kəşf olunmamış xeyli sayda arxeoloji abidənin mövcud olduğunu deməyə əsas verir.

Sonda konfrans iştirakçılarını maraqlandıraqn suallar cavablandırılıb.

Konfrans öz işini günün ikinci yarısında bölmə iclasları üzrə davam etdirib. “Tarix” və “Arxeologiya və Etnoqrafiya” bölmələri üzrə 20-ə yaxın elmi məruzə təqdim olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: