Naxçıvan Muxtar Respublikasında müəllimlər üçün hazırlıq kursları təşkil olunub - FOTOLAR
Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvan Muxtar Respublikasında təlimlər və yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları keçirib. Riyaziyyat və ingilis dili fənləri üzrə hazırlıq kursları DİM-in Naxçıvan regional bölməsində təşkil edilib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, kurslarda elektron qeydiyyatdan keçmiş, fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.
Hazırlıq kurslarında riyaziyyat fənni üzrə DİM-in aparıcı məsləhətçisi Samir Hüseynli, ingilis dili fənni üzrə moderator Xədicə Cəfərova yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair ətraflı məlumat veriblər.
Şərur Şəhər Fizika‑Riyaziyyat Təmayüllü Liseydə isə riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix, Azərbaycan dili, ingilis dili, rus dili və fransız dili fənləri üzrə təlimlər keçirilib. Təlimlərin proqramına əsasən ilk gündə əvvəlcə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Ovni Muradov regionda tədrisin vəziyyəti və bu sahədə görülən işlər barədə geniş məlumat verib. Sonra DİM-in şöbə müdiri Afiqə Batıyeva təlimlərin proqramı, ümumi təhsil bazasında buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında, DİM-in hazırlıq kursunun fizika fənni üzrə moderatoru, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Sona Hacılı isə tədrisdə fəal təlim metodikasına aid təqdimatla çıxış ediblər.
Riyaziyyat fənni üzrə Bakı Dövlət Universitetinin nəzdində gənc istedadlar liseyinin müəllimi Aqşin Abdullayev, fizika fənni üzrə Sona Hacılı, kimya, biologiya və coğrafiya fənləri üzrə Afiqə Batıyeva yeni kurikulumların strukturu, mahiyyəti, yeni qiymətləndirmə vasitələrinin hazırlanması, tədris prosesində onlardan istifadə və cavabları yazı ilə ifadə olunan tapşırıqların yoxlanılması ilə bağlı təqdimatlar ediblər. Təqdimatlarla bağlı müəllimlərin sualları cavablandırılıb.
Təlimlərin ikinci günündə ayrı-ayrı fənlər üzrə müəllimlər buraxılış və qəbul imtahanlarında istifadə edilən yeni qiymətləndirmə vasitələrinin yoxlanılmasına dair kalibrləmə prosesində (marker kimi) iştirak ediblər. Kalibrləmə prosesindən keçmiş lisey müəllimlərinin və hazırlıq kursu iştirakçılarının şəxsi məlumatları DİM-in “Elektron məlumat bazası”na daxil edilib. Onlar yazı işlərinin yoxlanılmasına cəlb ediləcəklər.
DİM-in əməkdaşları və ekspertlər liseydə tədris prosesi, həmçinin liseyin maddi‑texniki bazası, müasir standartlara cavab verən yataqxanasının fəaliyyəti ilə tanış olublar.