Akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr edilən elmi sessiya - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
NUHÇIXAN xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi sessiyanın Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il 11 fevral tarixli Sərəncamının icrasından irəli gələn tədbirlər çərçivəsində təşkil olunduğunu bildirib. Qeyd edib ki, bu Sərəncam dövlətimiz tərəfindən ədəbiyyatşünaslığımızın inkişafına göstərilən böyük diqqət və qayğıya bariz nümunədir.
Akademik İsa Həbibbəyli görkəmli alim Həmid Araslının dilimizin, ədəbiyyat tariximizin, folklorşünaslığımızın inkişafında mühüm rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, akademik Həmid Araslı 1939-cu ildə “Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə böyük xidmət göstərib.
Tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev “Böyük folklorşünas alim”, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “Görkəmli ədəbiyyat tarixçisi”, filologiya elmləri doktoru Fəridə Əzizova “Həmid Araslı və klassik ədəbiyyat problemləri” və filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Həmid Araslı və türk-müsəlman dünyası ədəbiyyatı” mövzularında məruzələri dinlənilib.
Tədbir çıxışlarla davam etdirilib.