Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli “Divan”ının yeni əlyazma nüsxəsinin surətini əldə edib.
AMEA-dan NUHÇIXAN-a bildiriblər ki, müxtəlif janrlarda şeirlərdən ibarət olan 134 səhifəlik “Divan”ın əvvəlində kitabın bəktaşi təriqətinə məxsus Mömin Dədəyə vəqf edildiyi barədə qeyd var. Bu nüsxədəki qeyd göstərir ki, Nəsimi bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olub, onun şeirləri bu mühitdə sevilərək oxunub.
Əlyazma nüsxəsinin əvvəlindəki “Kitabı-Seyyid Nəsimi əl-Hüseyni” sözləri şairin “Hüseyni” təxəllüsü ilə kifayət qədər geniş oxucu kütləsinə məlum olduğunu göstərir.