Liseydə seminar təşkil edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin ekspert müəllimləri tərəfindən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə seminar keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov bildirib ki, muxtar respublikamızda sürətli sosial-iqtisadi inkişaf gedir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılıb. 4 ildir ki, fəaliyyət göstərən liseyin şagirdlərinin nəticələri yüksək olub. Belə ki, son 2 ildə liseyi bitirən 49 şagirdin hamısı, yaxud məzunların 100 faizi ali təhsil müəssisələrinə qəbul olub, onlardan 19 nəfəri 500-700 intervalında bal toplayıb.
Vurğulanıb ki, bu gün liseydə 228 şagird təhsil alır. 380 şagird yerlik liseydə 19 sinif, 2 kompüter, həmçinin şahmat otaqları, fizika, kimya və biologiya laboratoriyaları, hərbi kabinə, bufet, idman zalı fəaliyyət göstərir. Liseydə tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə DİM-in ekspert-müəllimləri seminara dəvət edilib.
DİM-in ekspertləri tərəfindən ayrı-ayrı bölmələr üzrə təlimlər aparılıb.
Təlimlərin ikinci günündə isə ümumi və tam orta təhsil bazasında buraxılış və qəbul imtahanlarının yeni qaydaları və modelləri haqqında geniş məlumat verilib.
Qeyd edək ki, təlimlər zamanı müəllimlərin rəy və təklifləri nəzərə alınıb, onların sualları cavablandırılıb, öyrədici iş aparılıb.
Sonra qonaqlar liseydə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, liseyin yataqxanası 276 yerlikdir. Burada şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Otaqlar lazımi inventarlarla və mebel avadanlıqları ilə təchiz olunub. Həmçinin yataqxanada istirahət otağı və oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb.
Qeyd edək ki, fizika-riyaziyyat təmayüllü liseydə təşkil olunan 2 günlük təlimdə ümumilikdə 30 müəllim iştirak edib.
Turab Hacızadə