NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün test imtahanlarına start verilib.
Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi tarixdən etibarən 30 gün ərzində Komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilib. 38 vakant vəzifənin tutulması üçün isə 10 nəfər sənəd təqdim edib.
Qeyd edək ki, muxtar respublikada ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində işə qəbul mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçirilir. İmtahanda namizədlərə ixtisas üzrə 50, informasiya texnologiyaları üzrə 20, dünyagörüşü üzrə 20, ingilis dili üzrə isə 10 sual olmaqla 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 120 dəqiqə vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi də aparılıb.
Onu da bildirək ki, test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir və imtahanların nəticələri Komissiyanın rəsmi internet portalında yerləşdirilir.
Test imtahanları 27 fevral 2019-cu il tarixədək davam edəcək.
Vüsal Muradov