Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək

A- A A+

Pekin Xarici Dillər Universitetində (PXDU) “Birinci Çin-Azərbaycan Gənclər Forumu: Yüksək səviyyəli tərcümə və mədəniyyətlərarası ünsiyyət seminarı” keçiriləcək.

NUHÇIXAN-ın məlumatına görə, forumun sədri, PXDU Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev AZƏRTAC-a açıqlmasında bildirib ki, qədim mədəni bağlara malik Azərbaycan ilə Çin arasında hərtərəfli münasibətlər ölkə rəhbərlərinin müəyyən etdiyi strateji yolla sürətlə inkişaf etməkdədir. Keçən ilin iyul və cari ilin aprelində imzalanmış strateji tərəfdaşlıq bəyanatlarında təhsil və elmi əlaqələrə, eləcə də Azərbaycan və Çin dillərinin tədrisinə xüsusi yer ayrılır. Bəyanatların ruhuna uyğun olaraq Azərbaycan dilinin ixtisas kimi tədris olunduğu PXDU-da bu forumun keçirilməsi nəzərdə tutulub. PXDU Asiya fakültəsi Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə iyunda keçiriləcək forum iki dost ölkənin gəncləri arasında dialoqa töhfə verməklə bərabər, ümumilikdə mədəniyyətlərarası dialoqun intensivləşməsinə yardım edəcək.

A.Əliyev əlavə edib ki, Çincə-Azərbaycanca yüksək səviyyəli tərcümə təlimləri gənclərin dil biliklərinin təkmilləşməsinə, qarşılıqlı tərcümə layihələrinin keyfiyyətlə həyata keçirilməsinə zəmin yaradacaq. Çində azərbaycanlı tələbələrin sayı artır, onların əksəriyyəti təhsilini Çin dilində alır. Çində Azərbaycan dili ixtisası gənc olsa da, dilimizə maraq durmadan artmaqdadır. Forum çərçivəsində Çinin tanınmış alimlərinin keçəcəyi seminarlardan başqa, gənclər məşhur tərcüməçilərlə birbaşa ünsiyyət qurmaq və mədəniyyətlərarası ünsiyyət barədə öz araşdırmalarını təqdim etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Çinin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildən ali təhsil ocağında Azərbaycan dili ixtisas kimi tədris olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: