NDU-da Macarıstanın dünya şöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejakın kitablarının təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, mayın 13-də Macarıstan Milli Assambleyasının sədr müavini, dünya şöhrətli yazıçı Şandor Lejak Naxçıvan Dövlət Universitetində qonaq olub. İki günlük səfər çərçivəsində ilk olaraq universitetin Elmi Kitabxanasında yazıçının kitablarının təqdimatı keçirilib. Tədbirdə Macarıstanın ölkəmizdəki səfiri, Con fon Neyman Universitetinin və TÜRKSOY-un rəhbərliyi və kollektivi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti, millət vəkilləri, yazıçılar, Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edib. Qeyd olunub ki, Azərbaycan və Macarıstan dost ölkələrdir. Ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı etimada və dəstəyə əsaslanan yüksəviyyəli əlaqələr var. Bu xüsusda rektor görüşün mahiyyətinə diqqət çəkib, Şandor Lejakın universitetə gəlişini olduqca əhəmiyyətli və çoxdan gözlənilən əlamətdar görüş adlandırıb. Belə nüfuzlu qonaqları qarşılamağın böyük məsuliyyət və şərəf olduğunu qeyd edib, ötən il Macarıstana səfərindən söz açıb. Rektor səfər çərçivəsində Şandor Lejakın dəstəyi və təşəbbüsü ilə Con fon Neyman Universiteti ilə NDU arasında ikili diplom müqaviləsinin imzalanamasını xatırladıb və bu günkü görüşdə iştirakına görə təşəkkürünü bildirib. Elbrus İsayev  Şandor Lejakın ali təhsil müəssisəsində kitablarının təqdimatının keçirilməsini mühüm hadisə olaraq dəyərləndirib. Yazıçının xüsusilə mənsub olduğu millətin ədəbi düşüncəsinə, fikir və söz xəzinəsinə özünəməxsus təsiri və imzası olduğunu vurğulayıb. Eyni zamanda əsərlərini universitetin kitabxana fonduna hədiyyə etməsini böyük töhfə olduğunu əlavə edib.

NDU-nun Elmi Kitabxanasının direktoru Xumar Məmmədova məruzə ilə çıxış edib. Çıxışında yazıçının həyat və fəaliyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, yazıçının universitetin kitabxana fonduna hədiyyə olunan kitabları gələcəkdə tərcümə olunaraq oxuculara təqdim olunacaq.

TÜRKSOY-un Baş katibi Sultan Raev Türk mədəniyyətinin böyük təbliğatçısı, türk dünyasında xüsusi hörməti olan macar yazıçı Şandor Lejakla bağlı yüksək fikirlər səsləndirib. Macarıstanın təşkilatın fəaliyyətlərində aktiv iştirak etdiyini, tərəflər arasında sıx elmi və mədəni əlaqələrin mövcud olduğunu qeyd edib. TÜRKSOY təşkilatının dəyərli dostu Şandor Lejakla birgə NDU-da belə xüsusi tədbirdə olmaqdan məmnun olduğunu bildirib, görüşün böyük önəm daşıdığına diqqət çəkib.

Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış ediblər. Natiqlər yazıçının kitablarının təqdimatında iştirakı və Şandor Lejakla görüşü onlar üçün yaddaqalan hadisə kimi qiymətləndiriblər.

Macarıstan Milli Assambleyasının sədr müavini, dünya şöhrətli yazıçı Şandor Lejak səmimi qarşılanmaya, qonaqpərvərliyə və xoş sözlərə görə təşəkkürünü bildirib. Azərbaycan və Macarsıtan arasında bütün sahələrdə fəal əməkdaşlıqlar olduğunu və inkişaf etdiyini söyləyib. Görüş barədə yüksək fikirlərinin olduğunu ifadə edib, həyat və fəaliyyətinə dair xüsusi xatirələri tədbir iştirakçıları ilə bölüşüb. Yazıçı kitablarında yer alan əsərlər haqqında məlumatları diqqətə çatdırıb, xüsusilə “Yaşam üçün nəfəs” əsərinin yazılması prosesindən danışıb, əsər əsasında hazırlanmış tamaşanı izləməyi maraqla gözlədiyini qeyd edib.

Sonra Elmi Kitabxanada Şandor Lejakın kitablarının və Türk dünyasının ədəbiyyat nümunələrinin yer aldığı sərgiyə baxış olub. TÜRKSOY-un baş katib Sultan Raev universitetin Elmi Kitabxanasına kitablar hədiyyə edib.

Tədbirin ikinci hissəsində NDU-nun İncəsənət fakültəsində “Yallı” və rəqs nümunələri ifa olunub. NDU Musiqi alətləri emalatxanasında hazırlanan qədim milli musiqi alətləri təqdim edilib. NDU-nun “Qədim xalq çalğı alətləri” ansamblının ifasında geniş konsert proqramı qonaqlarda xoş təəssürat yaradıb.

Qeyd edək ki, növbəti gün mayın 14-də NDU-nun Tələbə Teatr Studiyası tərəfindən yazıçının “Yaşam üçün nəfəs” adlı əsəri əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: