Şandor Lejak NDU-da “Yaşam üçün nəfəs” adlı əsəri əsasında hazırlanan tamaşanı ayaqda alqışladı - FOTOLAR
Macarıstanın görkəmli ictimai xadimi, yazıçı, dramaturq Şandor Lejakın “Yaşam üçün nəfəs” əsəri əsasında Naxçıvan Dövlət Universitetində (NDU) eyniadlı tamaşa nümayiş olunub.
NUHÇIXAN xəbər verir ki, tamaşa ölkədə ilk dəfə NDU-nun İncəsənət fakültəsinin “Teatr və mədəniyyətşünaslıq” kafedrası tərəfindən hazırlanıb.
Tədbirdə əsərin müəllifi, görkəmli yazıçı Şandor Lejak, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma, Con fon Neyman Universitetinin rəhbərliyi və kollektivi, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyev, yazıçılar, NDU-nun rəhbər heyəti, müəllim və tələbələr iştirak ediblər.
Macarıstanın Kommunist dövründəki ağır ictimai mühiti əks etdirən tamaşanın təsirli məzmunu böyük maraqla qarşılanıb və izləyicilər ayaqda alqışlayıb. Müharibənin insanlar üzərində qoyduğu dərin izlər, yarım qalan arzular və çətin şəraitin əks olunduğu anlar maraqlı, zəngin səhnə dekorasiyası və ən əsası aktyorların məharətli çıxışı ilə yaddaqalan və baxımlı olub.
Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev çıxış edib.
Rektor dəvəti qəbul edib NDU-da iştirakı üçün dəyərli yazıçı Şandor Lejaka təşəkkürünü bildirib, tamaşanı Macarıstan və Azərbaycan ədəbi-mədəni mühitinə inteqrasiya və töhfə olaraq dəyərləndirib.
Məsuliyyətli və xüsusi təşəbbüsü dəstəklədiyinə görə müəllif Şandor Lejaka minnətdarlığını ifadə edib. Eyni zamanda əməkdaşlığın yaranamsı və inkişafında Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadəyə xüsusi salamlarını çatdırıb.
Rektor əsərin macar dilindən Azərbaycan dilinə tərcüməsini, məharətli çıxışları alqışladığını ifadə edib. Yeni yaradıcılıq nailiyyəti kimi dəyərləndirib və teatrın yaradıcı kollektivini təbrik edib.
Görkəmli yazıçı Şandor Lejak tamaşanı dərin təəssüratla alqışlayıb, yaradıcı kollektivə səhnədə təşəkkür edərək, hədiyyələr təqdim edib.
Yazıçı çıxışında əsərin ilk dəfə 1987-ci ildə səhnələşdirildiyi vurğulayıb. Sonrakı illərdə başqa səhnələrdə nümayiş olunduğunu, ancaq Naxçıvan Dövlət Universitetindəki bu nümayişin özünəməxsus və peşəkar təqdimat olaraq yaddaqalacağını bildirib.
Dünya şöhrətli yazıçı Con fon Neyman Universiteti ilə NDU arasındakı əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla tamaşa haqqında fikirlərində yüksək səviyyədə hazırlıq və unudulmaz aktyor oyununu izlədiyini ifadə edib. Naxçıvandan başlanan belə uğurlu sənət nümunəsinin daha geniş auditoriyalarda nümayiş olunması gərəkdiyini bildirərək, yaradıcı heyətə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, tamaşanın quruluşçu rejissoru Azərbaycanın əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, məsləhətçi Azərbaycanın Xalq artisti Kamran Quliyevdir.
Əsəri redaktə edən Azərbaycanın əməkdar artisti Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılov, musiqi tərtibatçısı Azərbaycanın əməkdar artisti Mübariz Əsgərov və butaforçu, rəssam Arzu Novruzovdur.
Tamaşada rolları Azərbaycanın əməkdar artisti Nurbəniz Niftəliyeva və “Teatr və mədəniyyətşünaslıq” kafedrasının Aktyor sənəti ixtisası üzrə II kurs tələbəsi Yusif Rzayev ifa ediblər.
Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, Macarıstan Millin Assambleyasının sədr müavini, dünya şöhrətli yazıçı Şandor Lejak və nümayəndə heyəti mayın 13-u və 14-ü Naxçıvan Dövlət Universitetində qonaq olub.