Növbəti təkmilləşdirici kursa start verilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbut xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Maliyyə Tədris Mərkəzində büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi üçün növbəti təlimlərə start verilib.
Fevral ayının 26-da başlanan təlimlərə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında çalışan maliyyə və mühasibatlıq üzrə 24 mütəxəssis cəlb olunub. “Büdcə təşkilatlarında praktik mühasibatlıq” adlı kurs 5 moduldan ibarətdir.
Kurs Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublika Prokurorluğunun ekspertlərinin təqdimatları üzrə keçirilir.
Kursun ilk günündə Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması ilə bağlı təlim iştirakçılarına ətraflı məlumat verilib. Təlimdə praktik məsələ və testlərin həllinə geniş yer ayrılıb.
4 gün, 12 tədris saatı müddətində təşkil olunacaq təkmilləşdirici kursda növbəti günlərdə mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu mövzuları üzrə məlumatların əhatəli şəkildə iştirakçılara çatdırılması nəzərdə tutulub. Həmçinin tədris prosesində iştirakçılara gündəlik işlərində faydalı ola biləcək təlim materialları – slaydlar, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar və misalları özündə ehtiva edən vəsaitlər təqdim olunacaq.
Qeyd edək ki, kursun sonunda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.