AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti növbəti dəfə toplanıb - FOTOLAR
Bu gün keçirilən iclası AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iclasa başlamazdan öncə İsmayıl Hacıyev İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevi səmərəli elmi fəaliyyətinə görə və 75 illik yubileyi münasibətilə AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif edib.
Bundan əlavə, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının elmi-ictimai həyatında səmərəli fəaliyyətinə görə AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunub. Bölmə sədri həmin təşəkkürnaməni Nuray Əliyevaya təqdim edib, hər iki alimə gələcək elmi fəaliyyətlərində uğur arzulayıb.
Daha sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Milli istiqlalın ədəbi simaları” mövzusunda məruzə edib.
Alim XIX-XX əsr Azərbaycan ədəbiyyatında müstəqillik ideyasının formalaşması və inkişafına, xalqın milli oyanışına xidmət edən şair, nasir və maarifçilər barədə məlumat verib. Tənqidi düşüncənin formalaşmasında böyük rol oynamış S.Ə.Şirvani, Ü.Hacıbəyov və başqalarının fəaliyyətinin əsas cəhətlərinə nəzər salıb, satira və təmsillərin milli oyanışdakı rolundan bəhs edib.
Məruzəsində Bəxtiyar Vahabzadə yaradıcılığına xüsusi yer verən alim şairin həyatı və vətən sevgisi ilə çulğaşan poeziyasından danışıb. Ramiz Qasımov B.Vabahzadə yaradıcılığında təcəssüm edən Azərbaycanın birliyi ideyasından, şairin “Gülüstan”, “İstiqlal”, “Şəhidlər” poemaları və digər əsərlərində müstəqillik arzusunun, vətənə bağlılıq və türk xalqlarının birliyi məsələsinin yerindən bəhs edib. Şairin yaradıcılığını milli istiqlal ideyasının ideoloji və estetik vəhdəti kimi təhlil edib.
Məruzənin ardından AMEA Rəyasət Heyətinin “Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturunun təsdiq edilməsi haqqında” qərarı və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi müəssisə və təşkilatlara, ali təhsil müəssisələrinə ünvanladığı məktub dinləyicilərin diqqətinə çatdırılıb.
Rəyasət Heyəti “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” Beynəlxalq Konfransının Təşkilat Komitəsinin tərkibini, həmçinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitunun Elmi şurasının yeni tərkibini təsdiq edib.
Gündəlikdəki digər elmi-təşkilati məsələlərin müzakirəsindən sonra akademik İsmayıl Hacıyev iclasa yekun vurub.