NDU-da “Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq Elmi konfransı keçirilib, ilk dəfə robot moderator qadın təqdimat edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, konfransdan öncə universitetin Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin süni intellekt proqramı ilə hazırlanan yaradıcılıq nümunələrindən ibarət səgiyə baxış olub. Sərgidə moderator robot “Banu”, radio siqnal ilə idərə olunan robot qol, müasir gömrük sistemi, CNC printer – lazer, hərbi sənaye üçün müdafiə sistemi, rəssam printer, ağıllı ev, ağıllı şəhər, NDU üçun prototip tramvay, ağıllı dayanacaq, ağıllı avtomobil dayanacaqları, ağıllı eynək, süni intellekt modeli– proqram, tullantı qablardan flament istehsal edən qurğu nümayiş olunub.  
 “Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq Elmi konfrans süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi ilə bağlı videoçarxın izlənilməsi ilə başlanıb. Naxçıvan Dövlət Universiteti, ARETN İdarəetmə Sistemləri İnstitutu, Türkiyənin İstanbul Universiteti – Cərrahpaşa, Düzce Universiteti, Gümüşhane  Universiteti, Rusiyanın “Cənub” Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. 
Konfrans ilk robot moderator qadın "Banu"nun təqdimatında baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iştirakçıları açılış nitqi ilə salamlayıb, qeyd edib ki, süni intellekt ilə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin  də qarşısında mühüm vəzifələr dayanır.  Bu mənada konfrans tədqiqatçılar üçün bilik və təcrübə mübadiləsi imkanı yaratmaqla yanaşı, eyni zamanda yeni tədqiqat istiqamətlərinin təməlini qoymaq üçün də əhəmiyyətli bir platformadır. Çünki, irəlidə bu sahədə tədqiqatlar aparmaq, kadrlar hazırlamaq, süni intellekt ekosisteminin formalaşmasında iştirakçı tərəf olmaq üçün uğurlu bir təşəbbüsdür. Elbrus İsayev qeyd edib ki, artıq universitetdə tədris olunan ixtisaslarda süni intellekt seçmə fənn olaraq şaxələndirilib. İki gün ərzində keçirilən bu əlamətdar tədbir də xüsusi mahiyyət kəsb edir. “Ötən il olduğu kimi bu il də ikincisinə ev sahibliyi etdiyimiz konfrans vasitəsi ilə müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlıq əlaqələri inkişaf etdiriləcək, elmi yeniliklər geniş auditoriya ilə paylaşılacaq. Həmçinin gənc tədqiqatçıları elmi fəaliyyətə təşviq edərək, onların süni intellekt sahəsində daha da ixtisaslaşmasına şərait yaradacaq” – deyə rektor bildirib. 
 Naxçıvan MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Azər Məmmədrəhimov  bildirib ki, Naxçıvan Dövlət Universiteti süni intellekt sahəsində məqsədyönlü fəaliyyətlər həyata keçirir. Universitet nazirlik ilə sıx əməkdaşlıq edir, tələbələrinə yeni təcrübələr qazandırır. Sərgi və konfrans da öz növbəsində süni intellektin yeni idarəetmə, yeni baxış modelini zəngin proqramı ilə ictimailəşdirir və maariflənmədə xüsusi rol oynayır.  
 ARETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov müasir dövrdə insan həyat fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz edən süni intellekt texnologiyalarının inkişafından bəhs edib, Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrdən söz açıb.  Akademik konfransı yüksək dəyərləndirib, süni intellekt texnologiyalarının daha da inkişaf etdirilməsinə, innovasiyaların tətbiqinə və elmi ictimaiyyətin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. Eyni zamanda proqramda  elmi etik prinsiplərə uyğun olaraq hazırlanan məqalə və tezislərin dəyərli mənbə kimi xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.  Akademik Əli Abbasov qeyd edib ki, universitetin belə məsuliyyətli bir işdə yüksək təşkilatçılığı təqdirəlayiqdir. 
 Türkiyənin İstanbul Universiteti – Cərrahpaşanın rektoru, professor Nuri Aydın, Rusiyanın “Cənub” Universitetinin rektoru professor İmran Əkbərov, Gümüşhane Universitetinin rektoru, professor Oktay Yıldız məruzə ilə çıxış ediblər. Natiqlər konfransı  süni intellektin nəzəri və texniki aspektlərini əhatə edən elmi fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli platforma adlandırıb.  Universitetin intellektual yöndə təşəbbüskar layihələrə ev sahibliy etməsini yüksək dəyərləndirib, konfransda iştirakdan məmnunluq ifadə ediblər. 
Çıxışlardan sonra rektor Elbrus İsayev konfransın təşkilində əməyi olan əməkdaşlara təşəkkürnamələr, həmçinin  tərəfdaşlara göstərdiyi dəstəyə görə hədiyyələr təqdim edib. 
Eyni zamanda konfrans proqramı çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti – Cerrahpaşa, Gümüşhane Universiteti, ARETN İdarəetmə Sistemləri İnstitutu  arasında birgə təhsil və elmi-tədqiqat fəaliyyətlərində əməkdaşlıq istiqamətində ayrı-ayrılıqda Əməkdaşlıq Memorandumu imzalanıb. 
Açılış tədbirindən sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. 26-27 may tarixlərində iki gün davam edəcək bölmə iclaslarında Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrinin tədqiqatçılarının üz-üzə və onlayn (hibrid) iştirakı ilə ümumilikdə 4 salonda, 26 paneldə çıxışlar olacaq.  59 təşkilatın 282 təqdidqatçısı tərəfindən 210 tədqiqat üzrə  məruzələr dinləniləcək. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. Vurğulayaq ki, konfransda Azərbaycanın 33 elm-təhsil müəssisəsindən nümayəndə  iştirak edir. 
Qeyd edək ki, “Süni intelekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq Elmi konfransın materialları beynəlxalq kriterilərə uyğun indeksləşmiş, hər bir məqalə DOİ kodu ilə elektron və çap variantında nəşr olunacaq. “Süni intelekt: nəzərriyyədən praktikaya” II Beynəlxalq Elmi konfransına təqdim olunan, hakim yoxlamalarından keçmiş, müsbət rəy almış və jurnalların şərtlərinə cavab verən məqalələr Scopus bazalı Electrica və digər indeksli beynəlxalq jurnalların nəzərdən keçirilməsi prosesi vasitəsilə tam mətn formatda nəşr olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: