NDU-nun Tibb fakültəsinin 25 illik yubileyi təntənəli mərasim ilə qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb Təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransının və “Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar” Beynəlxalq Elmi-praktik konfransının açılış tədbiri olub.
Tədbirdən öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan muzeyi ziyarət ediblər.
Konfranslar Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Qarabağ Universitetinin, Səmərqənd Dövlət Tibb Universitetinin, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Türkiyə Respublikasından və Azərbaycanın müxtəlif bölgələrindən 120-dək yüksək ixtisaslı həkim-mütəxəssislər iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış tədbirində Tibb fakültəsi haqqında videoçarx təqdim olunub.
Tədbiri giriş sözü ilə açan rektor Elbrus İsayev konfrans iştirakçılarını salamlayıb, qonaqlara əlamətdar təqvimdə iştirakları üçün təşəkkürünü bidirib. Rektor Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılmasını muxtar respublikada səhiyyənin inkişafında önəmli bir dönüş nöqtəsi olaraq qiymətləndirib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində tibbi kadrlara olan zəruri ehtiyacları nəzərə alan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1999-2000-ci tədris ilində Naxçıvan Dövlət Universitetində baza ali tibb təhsilinin əsası qoyulub, universitetə böyük və əvəzsiz etimad göstərilib. Rektor fakültənin fəaliyyəti və əldə olunan nailiyyətlərdən danışıb, Naxçıvan Muxtar Respublikası səhiyyəsi üçün ixtisaslı həkim kadrlarının hazırlanmasını fakültənin yaradılmasında başlıca məqsəd adlandırıb. Bu günədək Tibb fakültəsindən mindən artıq həkim məzun olduğunu qeyd edən Elbrus İsayev hazırda Tibb fakültəsində 9 ixtisas üzrə, o cümlədən SABAH qruplarında azərbaycan və ingilis dili bölmələrində 2000-dən artıq tələbə təhsil aldığını diqqətə çatdırıb: “2012-ci ildən Tibb fakültəsinin nəzdində rezidentura hazırlığı başlanıb və bu gün fakültədə 33 ixtisas üzrə 88 rezident təhsil alır. Ümumilikdə isə bu günədək rezidentura üzrə məzun sayı 109 nəfər təşkil edib. Tələbə və rezident məzunlar arasından isə 226 nəfəri xarici ölkə vətəndaşı olub”.
Fakültənin məzunlarının dünyanın dörd bir yanında peşəkar həkimlər və alimlər olaraq fəaliyyət göstərib, ölkəmizi layiqincə təmsil etdiyini qeyd edən rektor ötən illərdə hər zaman Tibb fakültəsinin region üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb, bütün inkişaf dövlərində dövlət dəstəyinin olduğunu diqqətə çatdırıb. Rektor Elbrus İsayev ölkə başçısının 2023-cü il 5 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ı haqqında sərəncamı ilə Naxçıvan Dövlət Universitetində tibb elmləri proqramlarının tətbiqinin prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini bildirib, bu əsasda universitetdə yaradılacaq Tibb kampusu barədə ətraflı məlumat verib. Rektor Sərəncamının icrası ilə əlaqədar olaraq 2024-2025-ci tədris ilində Naxçıvan Dövlət Universitetində müsabiqə yolu ilə 21 nəfər tələbə qəbul olunmaqla ölkə universitetləri arasında da ilk dəfə “Tibb” ixtisası üzrə SABAH qrupları yaradıldığını vurğulayıb.
Elbrus İsayev yubiley tədbiri çərçivəsində müxtəlif konfranslar, seminarlar, vorkşoplar, masterklaslar, kitab təqdimatları təşkil edildiyini söyləyib, çıxışının sonunda yubiley münasibətilə hər kəsi təbrik edib, konfrans iştirakçılarına məhsuldar müzakirələr, elmi nailiyyətlər arzulayıb.
Sonra Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edib. Vurğulanıb ki, 25 il öncə Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılması gələcəyə hesablanmış tarixi hadisə olub. Bu gün tam formalaşmış tibb təhsil ocağında, müasir tibb sahəsini əks etdirən tədris proqramları həyata keçirilir. Rektor Gəray Gəraybəyli qeyd edib ki, Azərbaycan Tibb Universiteti ilə NDU arasında əlaqələr Əməkdaşlıq Memorandumu ilə rəsmiləşib, ortaq layihələr ilə davamlı inkişaf etdiyini və möhkəmləndiyini bildirib, ATU adından rektor Elbrus İsayevə hədiyyə təqdim edib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, cənab Nazim Qasımov konfransda iştirakdan məmnunluq ifadə edib, Tibb fakültəsinin təkmil strukturda fəaliyyətindən bəhs edib. Fakültədə tədrisin auditoriya dərsləri, klinikaya hazırlıq və kilinika dərsləri şəklində təşkili olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Nazim Qasımov əlamətdar təqvimin aktual mövzular başlığında konfraslar çərçivəsində işıqlandırılmasını daha yaddaqalan olacağını bildirib, uğurlar arzulayıb və rektor Elbrus İsayevə hədiyyə təqdim edib.
Videotəqdimatla çıxış edən Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev yubiley münasibətilə təbrik edib, NDU ilə əməkdaşlığın davamlı hər zaman yenilikçi fəaliyyətlərə yol açdığını ifadə edib.
Qarabağ Universiteti klinikasının direktoru, cənab Samir Babayev çıxışında dəvətə görə təşəkkürünü çatdırıb və NDU ilə işbirliyinin qurulmasını, Tibb fakültəsinin 25 il ərzində qazandığı təcrübələrin bölüşüməsi yolunda əməkdaşlıqlarını yüksək qiymətləndirib, tədbirdə iştirakdan məmnunluq ifadə edib.
Eyni zamanda Türkdilli Dövlətlərin Tibb Cəmiyyətlər Birliyinin sədri Serkan Eroğlu, Sakarya Universitetinin Tibb fakültəsinin dekanı Fatih Altıntorpak, Naxçıvan Dövlət Universiteti Xəstəxanasının baş həkimi, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin məzunu, Naxçıvan MR Ali Məclisinin deputatı Elmar Rzayev təbrik nitqi ilə çıxış, Tibb fakültəsinə fəaliyyyətində uğurlar arzulayıblar.
Çıxışlardan sonra tədbir Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin əməkdaşlarına fəxri adların təqdimatı ilə davam edib.
NDU-nin Tibb fakültəsinin Stomatologiya kafedrasının müdiri tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərova, Azərbaycan Tibb Universiteteinin Rezidentura və Magistratura şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayevaya, Naxçıvan Dövlət Universiteti Xəstəxanasının baş həkimi, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin məzunu, tibb üzrə fəlsəfə doktoru, dosent Elmar Rzayevə Naxçıvan Muxtar Respublikası Əməkdar-həkimi fəxri adı təqdim olunub. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru,biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədova, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan əvəzi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədova Naxçıvan Muxtar Respublikası Əməkdar-müəllimi fəxri adı, Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və Hərbi tibb kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Mətləb İbrahimova və Naxçıvan Dövlət Universitetinin Stomatologiya kafedrasının baş müəllimi, həkim-stomatoloq Zaur Hüseynova Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanları təqdim olunub.
Daha sonra Naxçıvan Muxtar Respublikasında Tibb təhsilinin inkişafına göstərdiyi dəstəyə görə, rektor Elbrus İsayev tərəfindən qonaqlara təşəkkür plaketləri və hədiyyələr verilib.
Konfransın rəsmi hissəsi başa çatdıqdan sonra Naxçıvan Dövlət Universitetinin incəsənət kollektivi və Tibb fakültəsinin tələbələrinin iştirakı ilə hazırlanmış bədii hissə təqdim olunub.
Açılış tədbirindən sonra konfrans Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş “Tibb Təhsili: qabaqcıl təcrübələr və innovasiyalar” I Respublika elmi konfransında 3 istiqamət üzrə 3 paneldə 10 müəssisə tərəfindən 38 müəllif tərəfindən təqdim olunmuş 23 məqalə üzrə bölmə iclasları keçirilib. Azərbaycan Tibb Universitetinin 95 illi yubileyinə həsr olunmuş “Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar” Beynəlxalq Elmi-praktik konfransında 27 elm-təhsil müəssisəsi tərəfindən 7 panel üzrə 92 məruzəçi tərəfindən təqdim olunan 87 məqalə bölmə iclaslarında dinlənilib.
Qeyd edək ki, Konfrans çərçivəsində 29-30 may tarixlərində Naxçıvan MR-dəki 3 xəstəxanada - Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində, Naxçıvan Sağlamlıq Mərkəzində və Referans Naxçıvan Tibb Mərkəzində müxtəlif ixtisas sahələri üzrə 25 həkim tərəfindən ödənişsiz Tibbi aksiyalar təşkil olunub.