“Ağıllı uşaq” intellektual oyunu keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 10 №-li uşaq bağçasında məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib. Əvvəlcə uşaqların iştirakı ilə "Naxçıvanım" rəqsi nümayiş olunub.
Sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva tədbirin mahiyyəti haqqında məlumat verib. O da vurğulanıb ki, uşaq bağçalarında keçirilən intellektual oyunda qalib olmuş komandaların iştirakı ilə may ayında Naxçıvan şəhər birinciliyikeçiriləcəkdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülər Əhmədova və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından danışıblar.
İki mərhələdən ibarət olan oyunda 4 komanda iştirak edib. Birinci mərhələdə uşaqlar düyməyə basmaqla 35 sualı, ikinci mərhələdə isə onlara təqdim olunmuş 5 şəkilli sualı cavablandırıblar.
Sonda daha çox suala düzgün cavab verən “Əlincə qalası” komandası I , “Gülüstan” komandası II , “Möminə Xatın” və “Nuh yurdu” komandaları isə III yerə çıxıblar.
Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və rəngli kitablar təqdim olunub.
Tədbir uşaqlarının ifasında yallı nümayiş olunub.
20 nəfər uşağın iştirak etdiyi intellektual oyun Naxçıvan Şəhər İcra Hakimiyyətinin , Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. İntellektual oyun Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında canlı yayımlanıb.