Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun musiqi sənətimizin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun xatirəsinə həsr etdiyi “Hacıbaba Hüseynov” kitabı çapdan çıxıb.
Muzeydən NUHÇIXAN-a bildirilib ki, kitab Prezident İlham Əliyevin “Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 22 fevral tarixli Sərəncamına əsasən nəşr olunub.
Kitabda Azərbaycan muğam ifaçılığı tarixində xüsusi yer tutan görkəmli sənətkarın ömür və sənət yoluna nəzər salınıb. Bildirilir ki, Hacıbaba Hüseynovun ədəbi irsi 400-ə yaxın qəzəl, müxəmməs, qitə, təmsil, qoşma və digər mənzumələrdən ibarətdir. O, musiqi xəzinəmizə həm sözlərinin, həm də melodiyalarının müəllifi olduğu bir sıra təsnifləri yadigar qoyub.
Bu nəşr Rafael Hüseynovun 30 ildən çox müddətdə apardığı tədqiqatlar, çoxlu sayda əlyazma və arxiv materialları, eləcə də sənət xadimlərimizlə müntəzəm ünsiyyət və müsahibələrinin bəhrəsi kimi meydana gəlib. Kitabda unudulmaz sənətkarın mənalı ömrünün geniş kütlələrə az məlum olan bir çox maraqlı təfərrüatları barədə söz açılır.
Bildirilir ki, məşhur xanəndə qədim muğamlarımızın misilsiz ifaçısı olmaqla yanaşı, həm də istedadlı qəzəlxan idi. O, qəzəllərini təkcə özü ifa etməyib. Belə ki, həmin şeirlər bir sıra başqa xanəndələrin repertuarında da yer tutmaqdadır. Görkəmli sənətkar uzun illər muğamatdan dərs deyərək xanəndələr yetişdirib və yeni məktəb yaradıcısı kimi şöhrət tapıb.
Sənətkarın yaratdığı çoxsaylı təsniflər muğam ifaçılığında geniş yayılıb.
“Hacıbaba Hüseynov” kitabı xalq musiqimizin tarixi və onun əbədiyaşar ifaçıları haqqında qiymətli mənbədir. Nəşr musiqişünaslar, sənətşünaslar və geniş oxucu kütlələri üçün nəzərdə tutulur.