NDU-da İlham Tumasın “Gizli Cinayətlər” kitabının təqdimatı olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, iyunun 10-da Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında tanınmış jurnalist, ssenari müəllifi, rejissor, I Qarabağ müharibəsi veteranı, Vətən müharibəsi iştirakçısı İlham Tumasın “Gizli cinayətlər” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli və universitetin professor-müəllim heyəti, eləcə də tələbələr iştirak ediblər.
Rektor Elbrus İsayev “Gizli cinayətlər” kitabını yalnız ədəbi əsər deyil, həm də tarixi həqiqətlərin ictimaiyyətə çatdırılması baxımından mühüm mənbə adlandırıb. Müəllifin müşahidə, analiz və yaradıcılıq qabiliyyətinin bu cür məsuliyyətli kitabın ərsəyə gəlməsində əsas qayə olduğunu bildirib. Rektor tarixi faktlara əsaslanan əsərlərin elmi kitabxanalarda olmasının əhəmiyyətli olduğunu əlavə edib.
Kitabın layihə rəhbəri, Karyera və İşə Hazırlıq Mərkəzinin təsisçisi Şahin Sərdarlı qeyd edib ki, "Gizli cinayətlər" müəllifin sayca dördüncü kitabıdır. Əsər Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub və Dövlət Təhlükəsizliyi Xidmətinin məxfi arxiv materialları əsasında qələmə alınıb. Kitabdakı sənədlər və fotolar ilk dəfə oxuculara təqdim olunur.
Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov, “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev, “Azərbaycan tarixi” kafedrasının dosenti Sevinc Abbasova və “Ümumi hüquq” kafedrasının baş müəllimi Yunis Xəlilov müəllifin uğurlu fəaliyyəti və kitab haqda öz fikirlərini bildiriblər. “Gizli cinayətlər” əsərinin 9 əsas mövzudan ibarət olduğu və bu mövzularda dövlət təhlükəsizliyi, casusluq, milli mübarizə və digər mühüm məsələlərin işıqlandırıldığını qeyd olunub. Həmçinin Müəllifin “Amansız qətllər”, “Casusluq, Kəşfiyyat, Müharibə tarixindən” və “Dünyanın gizli ocağı: Vatikan” kitabları haqqında da təəssüratlar bölüşülüb.
Sonda jurnalist İlham Tumas göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.