NDU-da Karyera Sərgisi çərçivəsində “Karyerada etik prinsiplər və şəffaflıq” mövzusunda təlim keçirilib - FOTOLAR
Xəbər verdiyimiz kimi 10-12 iyun tarixlərini əhatə edən "Karyera Sərgisi 2" çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdindəki Naxçıvan Texniki Kollecində "Karyerada etik prinsiplər və şəffaflıq” mövzusunda təlim keçirilib. Təlimdə ali təhsil ocağının son kurs tələbələri iştirak ediblər.
NUHÇIXAN xəbər verir ki, Universitetin Karyera, təcrübə və məzunlarla iş sektorunun müdiri Aynurə Seyidova bildirib ki, “Karyera Sərgisi 2” tələbə və məzunların əmək bazarına inteqrasiyasını sürətləndirmək, onları mövcud vakansiyalar, işə qəbul mexanizmləri və karyera perspektivləri barədə məlumatlandırmaq baxımından mühüm platformadır. Vurğulanıb ki, sərgi iştirakçılara potensial işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq, ixtisaslarına uyğun iş imkanlarını yerindəcə qiymətləndirmək və şəxsi bacarıqlarını təqdim etmək fürsəti yaradır. Aynurə Seyidova əlavə edib ki, iki gün davam edəcək sərgi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən dəvət olunmuş mütəxəsisslər tərəfindən müxtəlif istiqamətli təlimlərin keçirilməsi planlaşdırılıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Elşad Əliyev təlim keçib. Təlimdə etik davranış qaydaları, xidməti davranış, rüşvət və korrupsiya, korrupsiyanın qarşısının alınması, etik dilemmalar, loyallıq, qanunçuluq və mövzu ətrafında bir sıra məsələlər praktik nümunələrlə izah edilib.
İnteraktiv keçən təlimin sonunda fəal iştirakçılara hədiyyə təqdim olunub.
Qeyd edək ki, təlimin məqsədi iştirakçılara karyera inkişafında etik davranış qaydalarının və şəffaflığın əhəmiyyətini aşılamaqdır. Təlim zamanı iş mühitində etik prinsiplərə riayət etməyin, düzgün qərarvermənin və şəffaf ünsiyyətin uzunmüddətli peşəkar uğura necə təsir etdiyi izah olunub.
Məlumat üçün bildirək ki, "Karyera Sərgisi 2" Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Dövlət Universiteti və Naxçıvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilir.