Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 1667-1914-cü illəri əhatə edən “Azərbaycan: Qədim xəritələr toplusu” atlasını rəqəmsallaşdıraraq elektron kataloquna daxil edib.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, atlasda müxtəlif dövrlərdə Azərbaycan ərazisini əks etdirən tarixi və coğrafi xəritələr yer alıb. Antik əşyalar bazarında nadir olan, elmi, tarixi və kolleksiya maraqlarını çoxdan cəlb edən bu xəritələr XVI-XIX əsrlər atlaslar seriyasına daxildir. Topluda təqdim edilən xəritələr qərb xəritəşünaslığının şah əsərləri olan “Böyük atlas və yaxud Blaunun kosmoqrafiyası”, D.Anvilyanın, Q.Mollanın, Frederika De-Vitanın “Dünya atlası”, həmçinin V.P.Pyadışev, İ.K.Kirilov, A.A.İlin və başqalarının müəllifi olduğu “Rusiya imperiyası” kimi atlaslar silsiləsindəndir. Topluda təqdim olunan xəritələr yalnız tarixin görüntülü sübutları deyil, eləcə də mif və əfsanələrdən coğrafi kəşflərə və dəqiq biliklərə qədər irəliləmiş dünyanı əks etdirən bir tarixdir.