NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti beynəlxalq təhsil əməkdaşlıqları sahəsində daha bir önəmli addım ataraq, Macarıstanın Con Fon Neyman Universiteti ilə birgə ikili diplom proqramına start verib. Proqram çərçivəsində 2025-2026-cı tədris ilindən etibarən tədrisi ingilis dilində aparılan Kompüter mühəndisliyi ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək.
Tələbələr bu proqram çərçivəsində təhsillərinin müəyyən hissəsini Macarıstanda yerləşən Con Fon Neyman Universitetində davam etdirəcək, nəticədə isə həm Naxçıvan Dövlət Universitetinin, həm də Macarıstanın aparıcı ali təhsil müəssisəsinin diplomlarını əldə edəcəklər. Proqram 3+1 formatında həyata keçiriləcək, belə ki Naxçıvan Dövlət Universitetinə qəbul olunan tələbələr 1,2,4-cü kursları Naxçıvan Dövlət Universitetində, 3-cü kursu işə Con Fon Neyman Universitetinə təhsil alacaqlar. Bu təhsil imkanı 25 oktyabr 2024-cü il tarixində Macarıstanın Con fon Neyman Universiteti ilə NDU arasında kompüter mühəndisliyi (tədrisi ingilis dilində) ixtisası üzrə bakalavr pilləsində ikili diplom müqaviləsinə əsaslanır. İkili diplom Azərbaycanın təhsil məkanının Avropaya inteqrasiyasında yeni bir mərhələ olmaqla, bu proqramda iştirak edən tələbələrin həm yerli, həm də beynəlxalq səviyyədə rəqabətə davamlı mütəxəssis kimi formalaşmasına şərait yaradacaq. Çünki, Macarıstanın Con Fon Neyman Universiteti mühəndislik və informasiya texnologiyaları sahəsində dünyada tanınan təhsil müəssisələrindən biridir. Universitetin sənaye ilə sıx əlaqələri, Avrasiya Bilik Mərkəzi, Müdafiə Sənayesi və Animasiya üzrə ixtisaslaşmış mərkəzləri tələbələr üçün real layihələrdə iştirak və təcrübə proqramları imkanı yaradır. Ən əsası diplomu dünyada tanınan universitetlərdən birində təhsil almaq tələbələrin beynəlxalq karyera yollarına yeni fürsətlər təklif edir.
Bu əməkdaşlıq Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn və xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili yönündə NDU-nun icra olunan fəaliyyətlərindən biridir. Eyni zamanda ikili diplom proqramında yalnız akademik təhsil deyil, həm də tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələri, innovativ texnologiyalara çıxış və peşəkar inkişaf imkanları da nəzərdə tutulub.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində digər təhsil fürsəti də artıq 2022-2023-cü tədris ilindən NDU və Türkiyənin Çankırı Karatekin Universiteti arasında ikili diplom layihəsi əsasında İqtisadiyyat ixtisası üzrə təklif olunur və tələbə qəbulu həyata keçirilir. Proqram çərçivəsində Naxçıvan Dövlət Universitetinə qəbul olmuş tələbələr 2024/2025-ci tədris ilindən etibarən qardaş ölkənin Çankırı Karatekin Universitetində təhsillərini davam etdirməkdədirlər. Bu proqram 2+2 formatında həyata keçirilir.