NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Babayev Yasin Nağı oğlu vəfat edib.
Qeyd edək ki, Yasin Babayev 1948-ci il iyunun 20-də Ordubad şəhərində anadan olub. 1965-ci ildə orta məktəbi, 1971-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1967-1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının (indiki adı ilə AMEA) Qeyri-üzvi və fiziki kimya institutunda laborant, baş laborant, mühəndis vəzifələrində çalışıb.
Alim 1976-cı ildən həyatını Naxçıvan Dövlət Universiteti ilə bağlayıb. 1978-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi, 2005-ci ildə isə doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 1986-cı ildə dosent, 2010-cu ildə professor elmi adlarına layiq görülüb. 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb.
Professor Yasin Babayev NDU-da müxtəlif vəzifələrdə çalışaraq universitetin elmi və inzibati inkişafına mühüm töhfələr verib. 1987-1989-cu illərdə elmi-tədqiqat bölməsinin rəisi, 1990-1999-cu illərdə kimya kafedrasının müdiri, 1998-1999-cu illərdə magistratura üzrə məsul şəxs, 2000-2008-ci illərdə Təbiətşünaslıq fakültəsinin dekanı, 2008-2016-cı illərdə isə Regionun inkişaf problemləri elmi-tədqiqat laboratoriyasının müdiri olub.
Alimin 167 elmi məqaləsi, ikisi dərslik olmaqla 4 kitabı, 4 patenti çap olunub. 3 fəlsəfə doktorunun elmi rəhbəri olub, onlarla tələbənin təlim-tərbiyəsində mühüm rol oynayıb, pedaqoji və elmi biliklərini əsirgəməyib.
Allah rəhmət eləsin.