Naxçıvan Dövlət Universiteti Acıbadem Universiteti və xəstəxanaları ilə əməkdaşlıq edəcək: Memorandum imzalanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Türkiyənin ən nüfuzlu universitetlərindən olan Acıbadem Universitetində işgüzar səfərdə olub. Səfər çərçivəsində rektorun rəhbərliyi ilə nümayəndə heyəti Acıbadem xəstəxanaları və Acıbadem Universitetinin təsisçisi Mehmetali Aydınlar, Acıbadem Universitetinin rektoru Prof.Dr. Ahmet Şahin ilə görüşüb.  Görüş çərçivəsində Tibb sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Naxçıvan Dövlət Universiteti ilə Acıbadem Universiteti və Acıbadem xəstəxanaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumda bir çox istiqamətdə ortaq fəaliyyətlər nəzərdə tutulub. NDU-nun Tibb fakültəsi tələbələri üçün təcrübələrin Acıbadem xəstəxanalarında təşkili,  peşəkar
həkim-professor heyətinin NDU-da təlim, tədris və tədqiqat prosesinə cəlbi, dünyanın ikinci böyük tibb təlim-tədris mərkəzi olan Acıbadem Universitetində həkim terapevt və tələbələrin təlimlərdə iştirakını təmin etmək istiqamətində geniş əməkdaşlıq planlaşdırılıb.

Rektor Elbrus İsayevin Mehmet Ali Aydınlar ilə görüşü çərçivəsində NDU tələbələrinin Acıbadem xəstəxanalarında və Case simulyasiya mərkəzində təlimlər keçməsi ilə bağlı razılıq əldə olunub. Görüşdə NDU ilə Acıbadem Universiteti arasında Tibb sahəsində əlaqələrin inkişafına dair danışıqlar aparılıb.  

Qeyd edək ki, dünyada o mərkəzlər ən qabaqcıl tibb müəssisəsi və təhsil ocağı sayılır ki, orda simulyasiya kabinələri var. Acıbadem də dünyada 24 xəstəxanaya malik geniş xəstəxanalar şəbəkəsi olan, tibb elmləri və təhsili sahəsində aparıcı təhsilə malik həmin nadir mərkəzlərdən biridir. Buradakı Case Simulyasiya mərkəzi xüsusi bir təhsil modeli ilə  dünya üzrə ilk üç mərkəz sırasındadır. Türkiyədə isə Təkmil Endoskopik, Robotik Cərrahiyyə Təhsil Mərkəzi olan yeganə mərkəzdir.  

Simulyasiya mərkəzində dünyanın ən innovativ cihazı sayılan 2 ədəd  Da Vinci  robotik cihazı var. Bu cihaz rezidenturada təhsil alanlar, həm də müxtəlif cərrahiyyə ixtisasında çalışan həkimlərin təcrübələrini zənginləşdirməsində olduqca önəmlidir. Mərkəzdə eyni zamanda müxtəlif səbəblərdən həyatını itirmiş insanların zədələnməmiş  ətraf üzvlərindən də istifadə imkanı yaradılır. Xüsusən ortopedik əməliyyatlar real xəstədəki kimi təbii sümük və yumuşaq toxumalar üzərində aparılır və bu proses tibbi biliklərin tətbiqi baxımından mükəmməl təcrübə qazandırır. Eyni zamanda təbii üzvdə sınıqların və yaraların qapalı üsulla  bərpa olunması simulyasiyası da həyata keçirilir.

Acıbademdə əlavə olaraq süni intellektlə təmin olunmuş simulyasiya modelləri ilə də praktiki dərslər təşkil olunur. Müxtəlif xəstəliklərin əlamətlərini əks etdirən proqramlar ilə təmin olunmuş maketlər üzərində tələbələrin bilik və bacarıqları mövzulara uyğun qiymətləndirilir. Mərkəzə həm də xüsusi pasiyent rollarında çıxış edən insanlar da dəvət edilir. Simulyasiya aktyorları adlandırılan bu şəxslər rol-model funksiyasını yerinə yetirir  ki, tələbələr onlardan düzgün anamnez toplayır, müayinə edir və diaqnozu təyin etməyə çalışırlar.

Tələbələr təcili tibbi yardım modelində uşaq xəstəliklərinin, yenidoğulmuşların, ginekoloji, travma, süni tənəffüs, ürək masajı, göz bəbəyi reflekslərinin müayinəsini maketlər üzərində öyrənirlər.

Acıbadem Simulyasiya mərkəzində təhsilalanların özünü qiymətləndirmə bölümü də var. Burada qrup şəklində simulyasiya modeli üzərində təcrübə aparılır, sonra birlikdə  videoqeydiyyatçıya baxılır və harada səhv varsa müzakirə edilir. Bu isə gələcəkdə komanda işinin təşkilində Tibb fakültəsinin tələbələrinə öncədən təcrübə qazandırır.

Təhsil üsulları və texnoloji infrastrukturu ilə böyük fərq yaradan mərkəzin tibbi kadrların hazırlanması, ixtisaslaşması və peşəkarlaması yönünüdə canlı və simulyasiya alətləri üzərində geniş təlimləri əməkdaşlıq çərçivəsində NDU tələbələri üçün də nəzərdə tutulur.  Nəticədə Acıbadem universitetinin Tibb fakültəsi və Xəstəxanası arasındakı uğurlu əməkdaşlıq həm tələbələrin, həm də həkim-rezidentlərin zəngin təcrübə qazanmasına və yüksəkixtisaslı həkim kimi formalaşmalarına əvəzedilməz rol oynayacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: