Naxçıvanda keçirilən sertifikatlaşdırma prosesinin dördüncü günündə kimya və biologiya müəllimləri iştirak edib
NUHÇIXAN xəbər verir ki, iyunun 24-də Naxçıvanda ölkə üzrə kimya və biologiya müəllimləri üçün keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 67 müəllimdən 66-sı iştirak edib və 98.5 faiz iştirak qeydə alınıb.
Qeyd edək ki, sertifikatlaşdırmanın test imtahanı Naxçıvan Şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunub.
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.
Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.