Azərbaycan dilçilik elminə sanballı töhfə
“Tivi şivəsinin izahlı lüğəti” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb
Filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın və filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışovun hazırladığı “Tivi şivəsinin izahlı lüğəti” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
NUHÇIXAN xəbər verir ki, AMEA-nın Nəsimi adına Dilçilik Institutunun elmi şurasının qərarı ilə nəşr olunan kitabda Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Tivi kəndində işlənən şivə sözləri öz əksini tapıb. Əsərə filologiya üzrə fəlsəfə doktorları, professorlar İsmayıl Məmmədli, Mahirə Hüseynova və İdris Abbasov rəy veriblər.
Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, professor Buludxan Xəlilov yazır ki, “Tivi şivəsinin izahlı lüğəti” monoqrafiyası aktuallığı, eləcə də elmi baxımdan çox dəyərlidir. Bu əsər dialektoloji tədqiqatların aparılmasının nə qədər vacib olduğunu dilçilərin nəzərinə çatdırır. Yada salır ki, Azərbaycan dilinin dialekt və şivələrinin milli maraqlarımıza, həm də dövlətimizin ideologiyasının tələblərinə uyğun şəkildə araşdırılması vacib bir işdir. Müəlliflər “Tivi şivəsinin izahlı lüğəti” əsasında bu işi bir nümunəyə çeviriblər. Bundan başqa, Azərbaycan dilinin dilaekt və şivələri arasında əlaqələri üzə çıxarmaq baxımından böyük əhəmiyyət kəsb edən əsərdə bir sıra numerativ sözlər verilir ki, bu da dilimizin zəngin numerativ sistemə malik olduğunu təsdiqləyir. Həmçinin lüğətdə yer alan nitq hissələri dilimizin zənginliklərini yaşadan dialekt faktları kimi maraqlı və əhəmiyyətlidir. Bir sözlə, əsəri Azərbaycan dilinin dialektologiyasına sanballı töhfə kimi qəbul etmək olar. İnanırıq ki, monoqrafiya gələcəkdə bu sahə ilə bağlı yeni tədqiqat əsərlərinin yazılmasına stimul verəcək.