NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Naxçıvan: Aqrar sektorun resurs potensialı, aqrar bazar və iqtisadi inkişaf” adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki,muxtar respublikada kənd təsərrüfatı sahəsi üzrə yazılan kitabların sayı artdıqca kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün də istifadə bir o qədər əlverişli olur.
Sonra Mühasibat uçotu və maliyyə kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova vəDünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov kitab haqqında geniş məlumat veriblər.
Kitabın I bölməsində müstəqillik dövrünün ilk illərində Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının resurs potensialının iqtisadi səmərəliyinin yüksəldilməsindən, II bölməsində Naxçıvan Muxtar Respublikasında aqrar bazarın formalaşması problemlərinin geniş tədqiqat dövriyyəsinə cəlb edilməsindən, III bölmədə isə alimin müxtəlif illərdə yazdığı Azərbaycan Respublikasında, eləcə də Rusiya, Türkiyə və digər ölkələrdə ayrı-ayrı dillərdə nəşr olunmuş çoxsaylı məqalə və tezislərdən seçmələrdən bəhs edilib.
Vurğulanıb ki, kitab Naxçıvan Muxtar Respublikasında aqrar sektorun problemlərinin tədqiqi və tədrisi ilə məşğul olan bakalavr, magistrlər, dissertantlar və doktorlar üçün nəzərdə tutulub.
Sonda kitabın müəllifi, iqtisad elmləri doktoru Teymur Abbasov universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.