Naxçıvan Dövlət Universitetində üç yeni informasiya sistemlərinin təqdimatı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Tələbə Məlumat İnformasiya Sistemi (TMİS), İnventar Məlumat Sistemi (İMS)  və Elmi Əsərlər Jurnalı platformasının təqdimatı olub. 

Rektor Elbrus İsayev açılış nitqində ali təhsil müəssisəsinin rəqəmsallaşma istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən bəhs edib. İnformasiya Texnologiyaları şöbəsi tərəfindən hazırlanıb və istifadəyə verilən üç əsas sistemin universitetin rəqəmsal inkişafını sürətləndirdiyini vurğulayıb. Təqdimatı keçirilən bu proqramların ali təhsil ocağında təhsilin idarə olunmasında, elmi fəaliyyətin təşkili və nəşrində, eləcə də maddi-texniki bazanın idarəsində şəffaflıq, sürət və avtomatlaşdırma istiqamətində uğurlu nəticələrin əldə olunmasına  hədəfləndiyini ifadə edib.  

İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli Tələbə Məlumat İnformasiya Sistemi (TMİS) barədə məlumat verib. O, qeyd edib ki, bu sistem rəqəmsal transformasiyanın önəmli mərhələlərindən biri olub, tələbə məlumatlarının mərkəzləşdirilmiş şəkildə idarə edilməsini təmin edən müasir və çoxfunksiyalı platformadır.  Texnoloji baxımdan TMİS müasir proqramlaşdırma texnologiyaları (PHP, Laravel, MySQL) ilə hazırlanıb, mobil versiyaya uyğun dizayn, SSL təhlükəsizlik sertifikatları və istifadəçi rollarına əsaslanan idarəetmə ilə gücləndirilib. Sistem LMS, WhatsApp dəstəyi, e-poçt bildirişləri və digər universitet sistemləri ilə inteqrasiya edilərək bir-biri ilə əlaqəli işləyən tam ekosistem yaradıb. Nəticədə TMİS tələbə məlumatlarının mərkəzləşdirilməsi, dərs və imtahan cədvəllərinin paylaşılması, elektron imtahan, LMS inteqrasiyası, yataqxana və ödəniş modulları, habelə statistik hesabatların yaradılması kimi imkanları ilə tədris prosesinin effektivliyini artırır. 

İnformasiya texnologiyaları şöbəsinin Verilənlər bazasının administratoru Püstə Zeynalova Elmi Əsərlər jurnalı platformasının mahiyyəti haqqında danışıb. Sistemin elmi biliklərin yayılmasına və akademik mübadilənin inkişafına töhfə vermək, eləcə də tədqiqatçılar üçün yüksək standartlara cavab verən nəşr imkanları yaratmaqdan ibarət olduğunu söyləyib. Vurğulanıb ki, bu platforma müəllif-rəyçi interfeysi, status izləmə, onlayn nəşr və məqalə toplama imkanları ilə universitetin elmi potensialının tanıdılmasına və geniş auditoriyaya çatdırılmasına şərait yaradır.  

Həmin şöbənin Sistem inzibatçısı Rəşad Abbasov İnventar Məlumat Sistemi haqqında məlumatları tədbir iştirakçıları ilə bölüşüb. Bildirib ki, İMS nəzarəti təmin edən müasir və çoxfunksiyalı platforma olub, inventarların idarəsi, məsul şəxslərin təyini, barkod sisteminin tətbiqi və mobil tətbiq üzərindən yoxlama imkanlarına malikdir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: