Akademik İsa Həbibbəyli: “Ədəbi proses” müşavirələri 2020-ci ildən “Zəfər diskursu dövrü” kimi mühüm əhəmiyyət daşıyır
1976-1984-cü illərdə əsası qoyulmuş “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələri 2013-cü ildən fasiləsiz olaraq Ədəbiyyat İnstitutunda keçirilib, onun materialları kitab halında çap olunub, 2018-ci ildən isə hər il “Ədəbiyyat qəzeti”ndə mütəmadi olaraq nəşr edilir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Ədəbi proses – 2024” mövzusunda elmi-yaradıcılıq müşavirəsində çıxışı zamanı deyib. O, “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini böyük ənənəyə çevrilmiş elm hadisəsi kimi yüksək qiymətləndirib, həmin müşavirələrə həsr olunmuş 10 cildin çapdan çıxdığını vurğulayıb.
Ədəbi proses hərəkatının təsnifatını aparan akademik İsa Həbibbəyli 1976-1984-cü illərin ədəbi proses hərəkatının təməli, başlanğıc dövrü olduğunu söyləyib. AMEA rəhbəri həmin dövrdə bu hərəkatı meydana qoyan görkəmli ədəbiyyatşünasları yad edərək, başlanğıc dövründə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin ardıcıllıqla davam etdiyini bildirib. Qeyd edib ki, sonrakı illərdə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələri keçirilməyib, 1994-cü ildə yenidən bərpa olunub və 2011-ci ilədək davam edib.
1994-2010-cu illəri əhatə edən ikinci mərhələni “ədəbi proses müşavirələrinin bərpası dövrü” adlandıran AMEA prezidenti bildirib ki, sovet dövründə keçirilən müşavirələrdən fərqli olaraq müstəqillik dövrünün elmi, mədəni, ictimai fikir sahəsində yaratdığı özünəməxsusluq ədəbi mühitin daha geniş şəkildə prosesə cəlb edilməsinə imkanlar yaradıb.
O, 2013-cü ildə Ədəbiyyat İnstitutunda ədəbi proses üzrə məruzələrin müstəqillik dövrünün yaratdığı geniş axtarış və yaradıcılıq imkanları, azərbaycançılıq və millilik faktorları əsasında yenidən bərpa edildiyini və 2014-cü ilin fevral ayında 2013-cü ilin ədəbiyyatından bəhs olunan “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin keçirildiyini diqqətə çatdırıb. Alim 2013-2017-ci illəri əhatə edən üçüncü mərhələni “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin yenidən formalaşdırılması dövrü” adlandırıb.
Akademik İsa Həbibbəyli 2013-cü ildən sözügedən müşavirələrin əhatə dairəsinin genişləndirildiyini, klassik forma saxlanılmaqla bədii publisistika və bədii tərcümənin əlavə edildiyini, 2014-cü ildə ədəbi növlərdən janrlara doğru keçidin olduğunu, 2015-ci ildə isə nəsrin hekayə, povest və romanla təmsil olunduğunu söyləyib. O, illər keçdikcə məruzəçilərin sayının artdığını, müşavirələrdə tanınmış ədəbiyyatşünas və yazarların iştirak etdiyini, məruzələrin nüfuzlu qəzet və jurnallarda dərc olunduğunu bildirib.
“2017-2020-ci illər “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin ədəbi-elmi hərəkata çevrilməsi dövrüdür”, - deyən AMEA prezidenti 2020-ci ilin həm ədəbi hərəkat dövrünün yekunu, həm də Zəfər diskusu dövrü adlandıracağımız yeni mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Əlavə edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə əlaqədar olaraq ədəbiyyata Ali Baş Komandan, Böyük Qayıdış, şanlı Zəfər, Azərbaycan Ordusu, igid əsgər, tarixi Qələbə kimi böyük mövzular gəlib.
O, 2021-ci ildə ədəbi prosesin daha da dərinləşdiyini, digər janrlarda müharibə mövzusuna geniş yer verildiyini, 2022-ci ildə hətta uşaq nəsrində müharibə mövzusunun aparıcı olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli 2023-cü ildə birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə bağlı ədəbiyyatda ilk pyesin yaradıldığını və prosesin davam etdirilməkdə olduğunu vurğulayıb.
“Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini 2020-ci ildən “Zəfər diskursu dövrü” kimi xarakterizə edən AMEA rəhbəri həmin ildən ədəbiyyatın mahiyyətinin dərinləşdiyini, ədəbiyyat tariximizin yeni təfəkkür işığında tədqiqata cəlb olunduğunu, mübarizlik, yenilməzlik və əyilməzlik düşüncəsi, milli özünüdərk, özünəinam ideyalarının bütün janrları əhatə etdiyini söyləyib.