“Vikipediya”da Azərbaycanın Milli Qəhrəmanı Ruslan Muradov haqqında ingilis dilində məqalə yaradılıb
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Ruslan Muradov haqqında ingilis dilində məqalə yaradılıb.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, məqalədə qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir. Bildirilir ki, Ruslan Muradov 1992-ci il yanvarın 22-də Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir. Papravənd kəndinə gəldiyi gündən burada qızğın döyüşə girir. Kənd erməni işğalçılarından azad edilir. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşür. Yaralıları xilas etmək üçün aparılan əməliyyat nəticə verir. Bu əməliyyatda Ruslan xüsusilə fərqlənir.
Ruslan Muradov 1992-ci il avqustun 22-də Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 noyabr tarixli müvafiq Fərmanı ilə Ruslan Muradov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Məqalə ilə daha ətraflı bu linkdə https://en.wikipedia.org/wiki/Ruslan_Muradov_(National_Hero_of_Azerbaijan)?fbclid=IwAR0qsbd-jyb24f6I5qBxLishHlSvNy66tQmJ6DSYcsTb-bLB5PomPfT10T0 tanış olmaq mümkündür.
Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması prosesi davam edir.