Qədim əlyazma və kitabların təqdimatı olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qədim tarixə malik 21 əlyazma və kitab AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunub.
AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu münasibətlə keçirilən tədbirdə bildirib ki, təqdim olunan bu kitablar XVIII əsrin sonu və XX əsrin əvvəllərinə aid olan dövrü əhatə edir. Onların arasında dərslik, görkəmli adamların həyatı, şairlərin kitabları mühüm yer tutur. Təqdim olunan 2-si əlyazma, 19-u isə çap variantı olan kitablar Əlyazmalar Fondunda tədqiq və bərpa olunacaqdır.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova kitabları təqdim edən vətəndaşlara o cümlədən, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevə təşəkkürünü bildirib.
Kitabları muzeyə təqdim edən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev muxtar respublikamızda mədəniyyətə və elmə göstərilən diqqət və qayğıdan danışıb.
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov bu elm müəssisəsi haqqında geniş məlumat verib.
Sonda AMEA Naxçıvan Bölməsinə hədiyyə edilən kitablara baxış olub.