Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin esse imtahanı mərhələsi keçirilib.
Müsabiqəyə çıxarılan 7 vakant vəzifənin tutulması üçün test imtahanında 26 namizəd iştirak edib, 7 nəfər uğur qazanıb. Keçid balını toplayan 7 namizəd esse mərhələsində iştirak edib. İmtahan başlamazdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıb, esse yazmaq üçün onlara 60 dəqiqə vaxt verilib. İmtahanda obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb.
İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Şərqin qapısı Naxçıvan” mövzusu təqdim edilib.
İştirakçılar esse yazarkən fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli, fikir və düşüncələrini anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına uyğun şəkildə ifadə etməlidirlər.
Yazı işləri yoxlanılarkən yuxarıdakı meyarlar nəzərə alınıb və iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndirilib.
İmtahanın nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.