Naxçıvanda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin yekun təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Naxçıvan MR üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində  “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin yekun təqdimat mərasimi olub.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, ardınca Dövlət Himni səsləndirilib. 

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Elbrus İsayev nəşrin tarixi yaddaşın qorunmasında və akademik araşdırmalara əsaslı töhfə verməsindəki əvəzsiz rolundan söz açıb. O, bildirib ki, tarixən monoetnik dövlət yaratmağa cəhd edən ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım və deportasiya siyasəti nəticəsində əzəli Azərbaycan torpaqlarından zorla qovulmuş Qərbi azərbaycanlıların mövcud irsinin mərhələli şəkildə məhv edilməsi artıq iflasa uğrayıb. 2022-ci il dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olunub, bu istiqamətdə konkret tədbirlərin icrasına başlanılıb. “Qərbi Azərbaycan İrsi” kitabının nəşri də bu konsepsiyanın tərkib hissəsi olmaqla tariximizi faktlarla, sənədlərlə, mədəniyyət nümunələri ilə sübut edən fundamental tədqiqat əsəri kimi mühüm əhəmiyyətə malikdir.  Beş hesabatdan ibarət olması nəzərdə tutulan kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan ərazisində mövcud olmuş, hazırda isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir. Kitabda, həmçinin  hərbi-topoqrafik xəritələrdən, peyk təsvirlərindən istifadə edilib və müasir metodoloji təhlillərlə ərazidə mövcud olan qəbiristanlıqların monitorinqi aparılıb. Ən ciddi milli ideoloji istiqamətlərdən biri olan Qərbi Azərbaycan irsininin tədqiqat toplusu olan kitabın üç dildə nəşri isə onun beynəlxalq əhəmiyyətini daha da artırır. Elbrus İsayev qeyd edib ki, 2023 və 2024-cü illərdə Naxçıvanda Universitetin əsas təşkilatçılarından biri kimi iştirakı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib. Ali təhsil ocağının təşkilatçılığı ilə  Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunub.  Festival-konqres çərçivəsində kitab təqdimatları olub ki, bu gün də  ali təhsil ocağında mütəmadi keçirilən kitab təqdimatlarında “Qərbi Azərbaycana qayıdış”  konsepsiyası diqqətdə saxlanılır. Eləcə də Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycan məzmunlu seçmə fənlər tədris olunur ki,  “Qərbi Azərbaycan İrsi” kitabı həmin fənlərin tədrisində ciddi baza rolu oynayacaq. Vaxtaşırı olaraq NDU-da Qərbi Azərbaycan əsilli ziyalılarla tələbələrin görüşləri təşkil edilir, müxtəlif sənədli filmlər təqdim olunur. Həmçinin Universitetdə Qərbi Azərbaycanlı Gənlərin Birinci Forumu təsis edilib, İcmanın sədri və tanınmış ziyalılarla gənclərin görüşü təşkil edilir. Elbrus İsayev vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində zəfər çalan, ərazi bütövlüyü və suverenliyi tam təmin edilən Azərbaycan xalqı birmənalı şəkildə inanır ki, Qərbi azərbaycanlılar da sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz tarixi Vətənlərinə qayıdacaqlar.        

Naxçıvan MR Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov çıxış edərək nəşrin mahiyyəti və məqsədindən bəhs edib. Qeyd olunub ki, Azərbaycan reallıqlarının gələcək nəsillərə ötürülməsində mühüm mənbə olan nəşr təkcə tariximizi işıqlandırmaqla kifayətlənmir, eləcə də beynəlxalq hüquqi məsuliyyətin əsaslarını ortaya qoyur. O, əlavə edib ki, erməni separatçıları azərbaycanlılara qarşı törətdikləri vandalizm siyasətinin cavabını verəcəklər.  

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva qeyd edib ki, təqdimatı keçirilən kitab Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini, insan hüquqları prinsiplərinin, beynəlxalq hüquq normalarının və konvensiyaların ciddi və sistematik pozulmasını bir daha faktlarla sübut edir. Bildirilib ki, geri qayıtmaq hüququnun təmin edilməsi ədaləti bərpa etmək, sülh və barışıq əldə etmək üçün beynəlxalq səylərin mərkəzində olmalıdır. Günay Rzayeva bundan sonra da tarixi həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.  

Naxçıvan Muxtar Respublika Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov isə bildirib ki, Qərbi Azərbaycan irsinin yaşadılması və erməni cəlladlarının törətdiyi maddi və mənəvi ziyanın ödənilməsi tarixi zərurətdir. Bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında real faktlara söykənərək Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir və belə tədqiqat əsələri beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunmalıdır. O, əlavə edib ki, Qərbi Azərbaycana qayıdış və tarixi Azərbaycan torpaqlarında mədəni irsimizin bərpa edilməsi də mütləq ki, reallaşacaqdır.

Sonda “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Qeyd edək ki, bundan öncə “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin  ilkin təqdimatı Naxçıvan şəhərində olub, daha sonra Ordubad,  Kəngərli, Babək, Sədərək, Şərur, Şahbuz və Culfa rayonlarında  kitabın geniş ictimaiyyətə təqdimatı keçirilib. Rayonlarda keçirilən təqdimat mərasimlərində Qərbi Azərbaycan əsilli vətəndaşların iştirakı təmin olunub. Elbrus İsayev Qərbi Azərbaycandan olan soydaşlarımıza tədqiqatçılarla birgə işləməyə, şəxsi arxivlərində olan materialların və xatirələrin nəşrində aktiv olmağa çağırıb. NDU-da yaradılmış Qərbi Azərbaycan Araşdırma Mərkəzi ilə sıx əməkdaşlığa dəvət edib.

Kifayət Mahmudova
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: