NDU-nu seçən ən yüksək ballı tələbələr 800 manatadək aylıq təqaüd imkanı qazana bilər

A- A A+

Naxçıvan Dövlət Universiteti (NDU) tələbələrinin akademik nailiyyətlərini yüksək qiymətləndirir, onların təhsil və sosial təminatına xüsusi önəm verir. Tələbəyönümlü təhsil siyasəti ilə seçilən universitetin inkişaf strategiyasında tələbələrin akademik uğurları, sosial rifahı və şəxsi inkişafı əsas prioritetlər sırasında yer alır. Bu məqsədlə tələbələrin beynəlxalq mübadilə proqramlarında iştirak imkanları genişləndirilir, təqaüd və sosial dəstək mexanizmləri davamlı olaraq təkmilləşdirilir. Yüksək nəticə ilə NDU-ya qəbul olan tələbələr üçün isə xüsusi təqaüd proqramları tətbiq olunur. Belə ki, ən yüksək bal toplayan tələbələr aylıq 800 manatadək təqaüd imkanı əldə edirlər. 

Bu məbləğə Prezident təqaüdü (350 AZN), əlaçı təqaüdü (200 AZN), həmçinin yüksək bal toplayan abituriyentlər üçün nəzərdə tutulan əlavə təqaüdlər daxildir. Eləcə də, Universitetdə 650 və daha çox bal toplayan tələbələr 250 AZN, 600-649 bal arası nəticə göstərən tələbələr isə 200 AZN aylıq təqaüd ala bilərlər. Həmçinin 600-dən yuxarı bal toplayan tələbələr NDU-nun Tələbə Evindən ödənişsiz olaraq yararlanmaq imkanı əldə edirlər.

Ali təhsil ocağında Prezident təqaüdü ilə yanaşı Heydər Əliyev, Zərifə Əliyeva, Əziz Səncər, Üzeyir Hacıbəyov və digər görkəmli şəxsiyyətlərin adını daşıyan, universitetin Elmi Şurası tərəfindən təsis edilmiş təqaüdlər də mövcuddur.

Eyni zamanda valideyn himayəsindən məhrum olan tələbələr, şəhid ailəsi statusu olan tələbələr üçün isə xüsusi təqaüd əlavələri nəzərdə tutulur. O cümlədən, uiversitetdə məqsədli təqaüdlər də var. 500 baldan yuxarı nəticə göstərib müəllimlik ixtisasını seçənlərə “Gələcəyin müəllimi” təqaüdü təqdim edilir. Həmçinin sahibkar təqaüdləri, hüquqşünaslıq, stomatologiya və bir neçə başqa ixtisaslarda təhsil alan tələbələr üçün də xüsusi  təqaüdlər hər tədris ilində nəzərdə tutulur.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində ümumilikdə 42 fərqli təqaüd tələbələri gözləyir.  

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: