Azərbaycanın böyük ədəbi Cəlil Məmmədquluzadə haqqında yazılmış məqalə, müsahibə, esse, şeir və poemalardan ibarət kitab nəşr olunacaq. Bu barədə NUHÇIXAN-a AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı Elxan Nəcəfov məlumat verib.
O, 1970-ci illərdən bu günədək C.Məmmədquluzadə haqqında qəzet, jurnal və saytlarda dərc olunan yazılardan ibarət toplu nəşr etməyi planlaşdırır. Kitabda Azərbaycan dilində olan yazılarla yanaşı, yerli və xarici tədqiqatçıların başqa dillərdəki məqalələri də orijinal halında veriləcək.
İlkin adı “Mirzə Cəlil haqqında məqalələr, müsahibələr, esselər və şeirlər” olan kitab üzərində işlər 2019-cu ilin ortasına kimi yekunlaşacaq. İlin ikinci yarısında isə toplu elmi ictimaiyyətə təqdim ediləcək.
Kitabın “Ön söz”ünün müəllifi Cəlil Məmmədquluzadə irsinin əsas tədqiqatçılarından olan akademik İsa Həbibbəylidir.
Tərtibçi müəllif bildirib ki, bu kitab böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə oxucular üçün əsl hədiyyə olacaq.