QƏDİM UYĞUR TÜRKLƏRİNİN MƏDƏNİ İRSİNƏ ELMİ BAXIŞ

A- A A+

Ölkəmiz müstəqillik əldə etdikdən sonra aparılan elmi tədqiqatların da yeni istiqamətləri müəyyənləşmiş, xalqımızın dil, ədəbiyyat və mədəniyyət tarixi müasir dövrün tələblərinə uyğun, ümumtürk müstəvisində araşdırılmağa başlanmışdır. Bu sahədə həm fundamental, həm də tətbiqi səviyyədə çoxsaylı araşdırmalar aparılmışdır. Bu proses Azərbaycanın türkologiya elminin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Elmi tədqiqatlarda yalnız Azərbaycanla məhdudlaşmayan, ümumtürk mədəniyyətinin formalaşmasında iştirak edən qədim türk tayfalarının dili, ədəbiyyatı, dini-mədəni irsi də diqqət mərkəzinə çəkilmişdir. Aparılan bu geniş əhatəli tədqiqatlar içərisində qədim türklərin dil və ədəbiyyatına aid əsərlər də xeyli saydadır. Onlardan biri də AMEA-nın müxbir üzvü, professor Əbülfəz Aman oğlu Quliyevin “Qədim uyğur türkləri: abidələr, dil və ədəbiyyat” kitabıdır. Kitab “Elm və təhsil” nəşriyyatında yüksək tirajla, nəfis tərtibatda çap olunmuşdur. Əsərin elmi redaktoru akademik Nizami Cəfərovdur.

Əsərdə türk dillərinin qədim mənzərəsini özündə tam şəkildə əks etdirən, bizim eranın VIII-XIII ərslərinə aid və qədim türk dillərinin təkamül mərhələlərini göstərən qədim uyğur abidələri sistemli şəkildə tədqiq olunmuşdur. Uyğur türklərinin istifadə etdiyi müxtəlif əlifba sistemləri – Göytürk, soğd, manixey və brahmi əlifbaları, onların zamanla keçdiyi fonetik və qrafik dəyişikliklər, dil strukturunun morfoloji və leksik xüsusiyyətləri bu tədqiqatda ətraflı təhlil edilmişdir. Qədim türklərin mühüm bir qolu olan uyğurlar türk tarixində çox mühüm yer tutan bir tayfa birliyidir. Onlar göytürklərdən sonra Orta Asiyada böyük bir dövlət qurmuş və mədəni, siyasi, dini sahələrdə dərin izlər buraxmışlar. Onlar tarixən çox geniş bir ərazidə yayılmış, müxtəlif dinlərə sitayiş etmiş, müxtəlif əlifba sistemlərindən istifadə etmişlər. Həm də mədəniyyət, ədəbiyyat, incəsənət və din sahələrində öz dövrləri üçün qabaqcıl nümunələr yaratmışlar. Bu xalqın zəngin irsinin elmi şəkildə öyrənilməsi türk xalqlarının ortaq tarixinin daha dolğun şəkildə mənimsənilməsinə şərait yaradır.

Uyğurlar müxtəlif dövrlərdə maniheizm, buddizm və islam dinlərini qəbul edərək, dini baxımdan olduqca rəngarəng bir irs yaratmışlar. Onların dini mətnləri yalnız dini etiqad baxımından deyil, həm də ədəbi və dilçilik baxımından olduqca dəyərlidir. Professor Əbülfəz Quliyevin araşdırmasında bu mətnlərin ədəbi formaları, poetik strukturları və tərcümə texnikaları da təhlil edilmiş, onların dövrün ictimai-mədəni həyatı ilə əlaqəsi üzə çıxarılmışdır.

Kitab 3 bölmədən ibarətdir. Sonda isə uyğurlara aid hüquqi sənədlər və lüğət təqdim olunmuşdur. Əsərin “Qədim uyğur tarixi haqqında ümumi məlumat” adlı I bölməsində göstərilir ki, uyğurların adı ilk dəfə Çin mənbələrində işlənmişdir. Çinlilər onların hunların xələfi olduğuna və qurddan törədiklərinə inanmışlar. Burada həmçinin uyğur etnoniminin etimologiyası məsələsinə də aydınlıq gətirilərək qeyd olunur ki, bu sözün mənşəyi müxtəlif müəlliflər tərəfindən fərqli şəkildə izah edilmiş, uyğur sözünün xozxor, oğuz, oyğur sözlərindən törədiyi mülahizələri irəli sürülmüşdür. Lakin müəllifin gəldyi nəticə bundan ibarətdir ki, uyğur etnonimi uymaq feilindən törəmişdir və “müttəfiq” mənasındadır. Bu etnonim Mahmud Kaşğaridə də geniş işlənmişdir. Uyğurlar Mərkəzi Asiyada mədəni-siyasi inkişafa nail olmuş xalqdırlar. Onlar əvvəlcə köçəri həyat tərzi keçirmiş, sonradan isə IX əsrdə Tarım hövzəsində oturaq həyat tərzinə keçərək Uyğur xaqanlığını qurmuşlar. Bu dövlət sülh siyasəti yürüdürüdü və işğalçılıq etmirdi. Onlar ilk dövrlərdə xristian dinini qəbul etmiş, daha sonra manixey dininə sitayiş etməyə başlamışlar, lakin bu dini inanclar uyğurların həyat tərzinə, dünyagörüşünə, yaşayışına uyğun deyildi. Nəticədə yuxarı təbəqə ilə sadə insanlar arasında uçurum yaranmağa başlayır ki, bu dövlətin parçalanma təhlükəsi ilə qarşı-qarşıya qalması demək idi. Manixeyçiliyə keçid uyğurların həm də əlifbasının dəyişilməsinə səbəb olmuş və uyğurlar yeni soğd yazısı əsasında tərtib olunmuş əlifbaya keçid etmişlər. Bu əlifba nisbətən sadə və asan idi. Ondan istifadə etməklə manixey, buddizm, xristian, müsəlman dini məzmunlu abidələri və uyğur hüquqi sənədləri yazılmışdır. 840-cı ildə uyğur xaqanlığının süqutundan sonra uyğurlar buddizmə meyl etməyə başladılar. Bu işdə onların əsas vasitəçisi çinlilər idi. Ona görə də buddizmə aid uyğur abidələrinin bir çoxu Çin dilindən tərcümə edilmişdir.  

Əsərin II bölməsi “Qədim uyğur ədəbi dili və abidələri” adlanır. Bu bölmədə uyğurların yazısı və mədəniyyəti, run yazısı ilə yazılmış uyğur abidələri və onların araşdırılması tarixi, Turfan və Qansu uyğur abidələri, Avropada, Rusiyada, Türkiyədə uyğurşünaslıq, Azərbaycanda öyrənilməsi məsələləri, qədim uyğur türkcəsinin əsas xüsusiyyətləri, şivə xüsusiyyətləri, uyğur əlifbası haqqında əhatəli məlumat verilmişdir. Müəllif qeyd edir ki, uyğurlar əvvəlcə Orxon türkləri ilə birlikdə göytürk ədəbi dilindən və run əlifbasından istifadə etmiş, bu əlifba ilə Toyok və şaman dini məzmunlu “Irk bitik” abidələrini yaratmışlar. Bu dil bir çox türk dillərinin, o cümlədən Azərbaycan ədəbi dilinin formalaşmasında müəyyən rol oynamışdır. Lakin zaman keçdikcə bu əlifba və dil onların tələblərini ödəmədiyi üçün onun bazası əsasında xalqın başa düşə biləcəyi yeni ədəbi dil meydana çıxdı. VII-IX əsrlərdə tam formalaşmış bu dil qədim uyğur əlyazmalarında türk uyğur dili adlandırılırdı. Əvvəlkinə nisbətən daha zəngin olan, göytürk yazılı dilinin əsasında və onun davamı olaraq yaranan, rəngarəng üslublar sistemi olan bu dil daha çox yazı dili kimi fəaliyyət göstərsə də, onda ədəbi dil ünsürləri də olmuşdur. Ondan istifadə etməklə uyğurlar müxtəlif üslüblarda mətnlər yaratmışlar. Məsələn, “Altun yaruk”, “Maytrsimit”, “Kuanşi-im pusar” abidələri dini-fəlsəfi ədəbiyyat, “İki qardaş hekayəsi”, “Süan-Tszyanın bioqrafiyası” abidələri kamil bədii nəsr nümunələri idi. Bunlarla yanaşı təbabət və astronomik məzmunlu əsərlər elmi üslubun, bir sıra hüquqi sənədlər, fərdi yazışmalar, yarlıklar rəsmi-işgüzar üslubun mükəmməl örnəkləri hesab oluna bilər.

Kitabda qeyd olunduğu kimi, uyğur xalqının tarixinin, qədim uyğur dilinin və yazılı abidələrinin araşdırılmasına hələ XIX əsrin əvvəllərində başlanmışdır. Müəllif əsərdə dünyanın müxtəlif ölkələrində uyğurşünaslıq məsələlərinə də toxunaraq bu sahədə fəaliyyət göstərmiş mütəxəssislər haqqında yığcam məlumat vermişdir. Buradan aydın olur ki, Avropada uyğur abidələri haqqında məlumat ilk dəfə fransız səyyahı Dutreuil de Rhin tərəfindən verilmişdir. Onun şərqşünaslar konqresində uyğur əlyazmaları haqqında verdiyi məlumatdan sonra Avropa alimlərinin diqqəti bu zəngin mədəni mirasa yönəlmiş və burada araşdırmalar başlamışdır. Finlandiyalı alim Otto Donner, rus tədqiqatçısı Klements, ingilis alimi Aurel Steyn, alman alimi Albert Qrünvedelin və digərlərinin rəhbərliyi altında müxtəlif dövrlərdə Şərqi Türküstana ekspedisiyalar getmiş və onlar buradakı əlyazmaları tədqiqat üçün öz ölkələrinə gətirmişlər. Bu materiallar həm tərcümə olunaraq nəşr olunmuş, həm də müxtəlif aspektlərdən araşdırılmışdır.

Rusiyada uyğurların ilk tədqiqatçılarından biri Azərbaycan şərqşünası və dilçisi Mirzə Kazım bəy olmuşdur. O, 1841-ci ildə uyğurşünaslıqda mühüm mənbə hesab olunan “Uyğurlar haqqında tədqiqat” əsərini nəşr etdirmişdir. Bundan başqa rus alimlərdən N.P.Prejevalski, M.V.Pevtsov, P.K.Kozlov, V.V.Radlov, S.Y.Malov, V.Nasilov, A.M.Şerbak, E.R.Tenişev kimi bir çox alim uyğurşünaslıqla məşğul olmuşdur.

Türkiyədə uyğur abidələri XX əsrin 30-cu illərindən tədqiq olunmağa başlamışdır. Bu sahədə V.Bang, R.Arat, Ə.Cəfəroğlu, Ö.İzgi, S.Barutçunun araşdırmaları diqqəti cəlb edir. Azərbaycanda da uyğur türkcəsinin öyrənilməsinə XX əsrin 20-30-cu illərində başlanmışdır. Lakin müəllifin qeyd etdiyi kimi, 37-ci ildə baş verən hadisələr, repressiyalar bu araşdırmaları bir qədər ləngitmiş, bir də yalnız 70-ci illərdə bu məsələyə yenidən qayıdılmışdır. Ə.Şükürlü, A.Məhərrəmov, N.Cəfərov, Ə.Rəcəbli, Ə.Quliyev, Q.Quliyeva bu sahədə dəyərli tədqiqatların müəllifləridir.

Əski uyğur türkcəsində təkmil ədəbi dil mövcud olmuşdur. Müəllif göstərir ki, burada Çin, sanskrit, toxar dillərindən alınma çoxlu söz vardır. Mürəkkəb və qarışıq tipli cümlələrdən geniş istifadə olunur. Bu dilə aid mətnlərin tədqiqi göstərir ki, o, öz içərisində bir neçə şivəyə ayrılmışdır. Məsələn, göytürk abidələrindəki ny foneminin yerinə uyğur mətnlərində n və y olaraq iki şivə ayrılmışdır: göytürkcədə anyığ “pis” sözü uyğur türkcəsinin n şivəsində anığ, y şivəsində isə ayığ variantında özünü göstərir.              

Kitabda qeyd olunur ki, uyğurlar qədim dövrdə çox geniş bir coğrafiyada yayıldıqlarına görə bir neçə yazı sistemindən istifadə etmişlər. Bunlar göytürk əlifbası, Mani əlifbası, brahmi əlifbası, Tibet yazısı və soğd mənşəli uyğur əlifbasından ibarət olmuşdur. Onların geniş istifadə etdikləri soğd mənşəli yazı əldə etdikləri yüksək mədəniyyət sayəsində tarixdə uyğur yazısı kimi tanındı. Təsadüfi deyil ki, görkəmli türkoloq M.Kaşğari “Divanü-Lüğat-it Türk” əsərində uyğur hərflərini türk yazısı kimi qeyd edir. Bu da onu göstərir ki, türklər İslamiyyətdən sonra dərhal ərəb əlifbasına keçməmiş, iki yazı sistemi uzun illər paralel istifadə edilmişdir. 18 hərfdən ibarət olan uyğur əlifbası sağdan sola yazılır. Hərflər əvvəldə, ortada və sonda fərqlilik göstərir. Lakin burada hər bir sait səsin ayrıca işarəsi olmadığı üçün o, türkcənin saitlərini tam şəkildə əks etdirə bilmir.

Əsərin III bölməsi “Qədim uyğur ədəbiyyatı və abidələri” adlanır. Buradan aydın olur ki, uyğurların ədəbiyyatı yeni səciyyə daşıyırdı və ruh, məzmun, şəkil, dil və üslub cəhətdən Orxon ədəbiyyatından fərqlənirdi. Artıq yeni həyat tərzi, adamların maraq dairəsi, psixoloji aləmi, mənəvi tələbləri ədəbiyyat qarşısında yeni problemlər qoymuşdu. Burada tərcümə əsərləri də geniş yayılmışdı.

Kitabda uyğur ədəbiyyatı nümunələri şərti olaraq 2 qrupa ayrılmışdır: 1) Manixey ədəbiyyatı nümunələri; 2) Buddizm ədəbiyyatı nümunələri. Əski uyğur ədəbiyyatında dram növü istisna olmaqla, nəzm və nəsr növləri tam formalaşmışdı.

Manixey ədəbiyyatında şeir haqqında danışan tədqiqatçılar onların bizə məlum olan ən qədim nümunələrinin eramızın VII-VIII əsrlərinə aid olduğu qənaətindədirlər. Burada, əsasən, koşuğ (mənzum parça, nəzm) və takşut (buddizm mühiti ədəbiyyatına aid nümunələr) şeir şəkillərinə təsadüf edilir.

Nəsrə gəldikdə isə uyğur ədəbiyyatında nəsr nümunələri daha çox dini mövzularda olub, manixey dininin təbliği məqsədilə yazılmışdır. Daha çox dualardan ibarətdir və özündə çoxlu dini məfhum və anlayışları ehtiva edir. Buraya “Xuastuanivit”, “Bögü xan şərəfinə mətn” kimi bir çox əlyazma daxildir. 

Buddizm dini məzmunlu poeziya isə IX-XI əsrlərdə yaranmışdır. Buraya “Ani teg orunlarta”, “Burkana”, “Maytri”, “Maytrisimit”, “Altun yaruk” mətnləri daxildir.

Bölmənin sonunda Ə.Quliyev tərəfindən qeyd və izahlar verilmişdir ki, burada müəllif mətnlərdə adı keçən toponimlər, antroponimlər və digər onomastik vahidlərin izahını vermiş, mətnləri və onların tərcüməsini təqdim etmişdir.

Əsərin “Uyğur hüquq sənədləri” adlanan hissəsində rəsmi-işgüzar üslubun ilkin qaynaqları hesab edilən və türk cəmiyyətində hüquq sistemi, daxili və xarici ticarət əlaqələri haqqında dolğun məlumatların daşıyıcısı olan vəsiqələr, sənədlər oxucuya təqdim edilmişdir.

“Lüğət” hissəsində uyğur dilinə məxsus sözlərin izahı öz əksini tapmışdır ki, burada Azərbaycan dili və şivələri ilə bir çox ortaq xüsusiyyətləri aydın şəkildə müşahidə etmək olur.

Professor Əbülfəz Quliyevin “Qədim uyğur türkləri:abidələr,dil,ədəbiyyat” kitabı dərs vəsaiti kimi də ali məktəblərin hümanitar ixtisaslarında tədris olunan qədim türk dillərinin tədrisinin yaxşılaşdırılmasına da təkan verəcəkdir.

Ümumilikdə əsər bu sahənin tədqiqatçıları üçün çox qiymətli bir mənbədir və burada müəllif tərəfindən təqdim olunmuş izahlar, şərhlər onların işini xeyli asanladıracaq. Belə tədqiqatlar Azərbaycan türkologiyasının inkişafında yeni üfüqlər açır və milli kimliyimizin, mənəvi köklərimizin daha dərindən dərk edilməsinə imkan yaradır. Gələcəkdə bu kimi əsərlərin tərcümə olunaraq beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi həm Azərbaycan elminin nüfuzunu artıracaq, həm də ümumtürk mədəni irsinin dünyada tanıdılmasına mühüm töhfə verəcəkdir.

NURAY ƏLİYEVA

Filologiya elmləri doktoru

Naxçıvan Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: