NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən “Ümummilli lider Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusundakı dərsdə Naxçıvanın muxtariyyətinin mühüm hadisə olduğu məktəblilərin diqqətinə çatdırılıb. Bu qazanılan uğur çətin bir dövrdə böyük bir mübarizənin nəticəsində idi. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva və Qars müqavilələrinin böyük əhəmiyyəti olduğu vurğulanan dərsdə muxtariyyətin qorunub saxlanılmasında dahi rəhbərin misilsiz fəaliyyətindən bəhs olunub.
Qeyd edilib ki, 1924-cü il fevralın 9-da Azərbaycanın geosiyasi cəhətdən həssas olan ərazisinə-Naxçıvana muxtariyyətin verilməsi sonrakı illərdə burada sürətli inkişafın təmin olunmasına, genişmiqyaslı quruculuq işlərinin aparılmasına, Naxçıvanın inkişaf etmiş bir diyara çevrilməsinə şərait yaradıb.
Şagirdlərə çatdırılıb ki, 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət daha da artırılıb. 1995-ci il noyabrın 12-də referendumla qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirib.
Bu gün Naxçıvan tarixinin növbəti intibah dövrünü yaşayır və bu proseslər ümummilli lider Heydər Əliyevin ideyalarının reallaşdırılmasının nəticəsidir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Onlar həmçinin muzeyin ekpozisiyası ilə yaxından tanış olublar. Məktəblilərə muzeydəki eksponatlar haqqında ətraflı məlumat verilib.
Ərhan Novruzov