Ali təhsil ocağında doktorant və dissertantlarla görüş olub - FOTOLAR
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində “27 mart-Elm günü”nə həsr olunmuş doktorant və dissertantlarla görüş olub. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, elm gününün ölkəmizdə təsis olunması dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdır.
Rektor vurğulayıb ki, 1998-ci ildə universitetdə Dissertasiya şurası yaradılıb. 2018-2019-cu tədris ili ərzində elmlər doktoru üzrə 5, fəlsəfə doktoru proqramı üzrə 7 doktorant, 27 dissertant qəbul olunub.
Sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi Sərəncam imzalayıb. Akademik ötən fəaliyyət dövründə bölmə əməkdaşlarının 3-ü Beynəlxalq olmaqla 20 qrant layihəsinin qalibi olduğunu diqqətə çatdırıb. Naxçıvanda elm adamlarının müxtəlif nəşriyyatlarda çıxardığı elmi məqalələrin sayının 25000-ə çatdığı bildirilib.
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun professoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev doktorant və dissertantlara öz məsləhətlərini verib, bu gün münasibətilə elm adamlarını təbrik edib.
Sonda dissertantların sualları cavablandırılıb, edilən təkliflər dəyərləndirilib.
Səadət Əliyeva