AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Bölmədə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı olub.
Tədbirdə Akademik İsmayıl Hacıyev fundamental nəşrin elmi dəyərindən danışıb. Alim bildirib ki, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə hazırlanan “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” kitabında bu diyarın iqtisadi-sosial coğrafiyasının hərtərəfli təhlilinə aid materiallar yer alıb. Nəşrdə muxtar respublikanın fiziki, iqtisadi-sosial coğrafiyasının kompleks məsələləri işıqlandırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dəstəyi ilə çap olunan kitabın birinci cildində zəngin təbii şəraitə və təbii ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələri əks olunub. Fundamental əsərdə Naxçıvan ərazisinin geoloji quruluşu, relyefi, iqlimi, su ehtiyatları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılıb və onlar geniş şərh edilib.
Nəşrin ikinci cildində muxtar respublikanın iqtisadi, sosial və siyasi coğrafiyasının müxtəlif sahələrinə aid elmi tədqiqatların nəticələri yer alıb. Əsərdə bu diyarın siyasi və iqtisadi coğrafi mövqeyi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası, əhalinin məskunlaşması və digər ən yeni statistik məlumatlar verilib. Həmçinin Naxçıvanda sənayenin, kənd təsərrüfatın və infrastrukturun əsas sahələri araşdırılıb, inzibati ərazi vahidləri iqtisadi-coğrafi istiqamətdə ətraflı təhlil olunub. Sosial sahədə baş verən əhəmiyyətli dəyişikliklər konkret faktlarla ikinci cilddə ictimaiyyətə təqdim olunub.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəylinin “Naxçıvan Muxtar Respublikasının coğrafiyası Azərbaycan elmində yeni nailiyyətdir” mövzusunda məruzəsi dinlənilib.
Sonda bölmənin Təbii Ehtiyatlar İnstitutunun Coğrafiya şöbəsinin kiçik elmi işçiləri Qiyas Qurbanov və Lamiyə Əliyeva çıxış edərək yeni nəşrin elmi dəyərindən söz açıblar.