Naxçıvan Bölməsində “Elm həftəsi” davam edir - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, qurumda “Elm həftəsi” çərçivəsində növbəti tədbir keçirilib.
İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev elmə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, alimlər üçün yaradılan şərait bu gün elmi tədqiqatlarının imkanlarını genişləndirir və səmərəli nəticələrin əldə edilməsinə zəmin yaradır.
Sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov rəhbərlik etdiyi müəssisənin 2009-2018-ci ildəki elmi fəaliyyətinə dair hesabatla çıxış edib. O, institutda Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərin geoloji, kimyəvi, fiziki tədqiqi, hidroloji və landşaft şəraitinin öyrənilməsi və digər istiqamətlərdə aparılan tədqiqatlardan danışıb. Bildirib ki, ötən dövr ərzində institut əməkdaşlarının 1030 elmi əsəri işıq üzü görüb. Bunlardan 54-ü impakt faktorlu və 3-ü Thomson Reuters indeksli jurnallarda nəşr edilib.
Diqqətə çatdırılıb ki, əməkdaşlar tərəfindən Darıdağ termal suyunun quru qalığı, Biləv alüminium süxurundan kalium-alüminium zəyi, alüminium sulfat duzu, ammonium-alüminium zəyi, alüminium hidroksid alınıb. Eyni zamanda müalicəvi “Şorsu palçığı”nın kimyəvi analizi aparılaraq, qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, həm krem, həm də quru toz formasında qablaşdırılaraq satış üçün əczaxanalara göndərilib.
Tədbirdə institut əməkdaşlarının elmi fəaliyyətini əks etdirən elmi nəşrlərdən ibarət sərgi nümayiş edilib.