Alimlər kvant kompüteri vasitəsilə zamanı geri çevirməyə nail olduqlarını bəyan ediblər.
NUHÇIXAN BBC televiziya kanalının saytına istinadla xəbər verir ki, Rusiya, ABŞ və İsveçrə alimlərinin apardıqları tədqiqatlarda fizikanın təməl qanunlarına zidd olaraq enerji hasil edilməsi barədə düşüncələri kökündən dəyişdirmə potensialının olduğu müəyyən edilib. “Scientific Reports” jurnalında dərc olunan məqalədə qeyd edilir ki, bu tədqiqat kvant kompüterlərinin iş prinsipində yeni ideyalar yarana biləcəyinə əsas verir. Alimlər bildirirlər ki, onların eksperimentləri elektronlar və kvant fizikasından istifadə edərək həyata keçirilib və “ən sadə dillə desək, bilyard oyununda şarların başlanğıc zərbəsi ilə təkrarən yerlərinə qayıtmasını xatırladan bir effekt verib”.
Moskva Fizika və Texnologiya İnstitutunun alimi Qordey Lesovik deyib ki, tədqiqatçılar “zamanın termodinamika istiqamətinin tərsinə hərəkət edən vəziyyətini virtual şəkildə yaratmağa nail olublar”. Bu eksperimentin həyata keçirilməsini təmin edən “zaman maşını” elektronlar və kvant kompüterlərində istifadə olunan məlumat ötürücüsü olan kubitlərdən ibarətdir. Gündəlik həyatımızda istifadə etdiyimiz kompüterlərdəki ikili kodlama sisteminin vahidləri 0 və 1 ilə ifadə edilir. Onların düzülümü kodun əmələ gəlməsini təmin edir. Kubitlər isə 0 və 1 vahidlərini qəbul etməklə yanaşı, onları eyni səviyyədə təmsil edir.
Həyata keçirilən “Zamanda səyahət” eksperimentində istifadə olunan kvant kompüterində kubitlərin gedərək daha bir mürəkkəb şəkildə 0-dan 1-ə və əks istiqamətdə məlumat vahidi dəyərini dəyişdirdiyi bildirilir. Bu müddətdə kodu təşkil edən dəyər silsiləsi tamamilə yox olur, üçbucaq formasında duran bilyard şarlarının bir zərbə ilə ətrafa dağılmasına bənzəyir.
Kvant kompüterində olan digər proqram isə öz-özünə yayılan kod xaosunun içərisindən bir nizam yaradılması və kubitlərin başlanğıc nöqtələrinə geri dönməsidir. Yəni, tədqiqatçılar zərbənin təsiri ilə ətrafa səpələnən bilyard şarlarının yenidən üçbucaq formasında çıxış nöqtəsinə qayıtmasına bənzəyən eksperimentin kvant fizikası vasitəsilə həyata keçirildiyini bildirirlər.
Tədqiqat qrupu iki kubitlə çalışdıqları vaxt “zamanı geri döndürmə səviyyəsinin 85 faiz olduğunu” da əlavə ediblər. Kubitlərin sayı üçə yüksəldikdə isə bu səviyyə 50 faizə enir. Rusiyalı alim Q.Lesovik deyib: “Alqoritmimiz gələcəkdə daha da inkişaf edəcək və kvant kompüterlərində olan səhvlər aradan qaldırılacaq”.