Gənc ziyalılar iqtisadi uğurları üçün innovativ ideyaları dəstəkləyirlər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda çalışan gənc doktorantlar, magistrant və tələbələrin fəal iştirakı ilə “Ali məktəbdə gənclərin innovasiya təşəbbüskarlığının dəstəklənməsi və elmi nailiyyətlərin təqdim və tətbiq olunması” mövzusunda dəyirmi masa keçirilib. Təcrübəli tədqiqatçı-pedaqoqların da dəvət edildiyi tədbirdə İnstitutun rektoru Elbrus İsayev müasir dünyada istənilən bir ölkədə iqtisadiyyatı uğurla inkişaf etdirmək üçün innovativ ideyaların tətbiq olunması və bu prosesin effektiv şəkildə həyata keçirilməsinin qaçılmaz olduğunu qeyd edib. Rektor bu istiqamətdə qəbul olunmuş mühüm dövlət sənədləri, o cümlədən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2019-cu il Sərəncamı və digərlərinin mahiyyəti, məzmunu və qarşıya qoyduqları vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Muxtar respublikamızda bu sahədə görülən işlər, yaradılan şərait diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən il Naxçıvan Müəllimlər İnstitutu muxtar respublika səviyyəsində keçirilən startap müsabiqəsində bir neçə layihə ilə iştirak edib, “Nads” layihəsi birinci yerə layiq görülüb. Rektor Naxçıvan Müəllimlər İnstitutunda çalışan gənc doktorantlar, təhsil alan magistrant və tələbələri innovativ inkişaf yönümlü tədbirlərdə, o cümlədən startap fəaliyyətində fəal iştiraka dəvət etdi və institut səviyyəsində belə fəaliyyətin dəstəklənməsi üçün zəruri və mümkün olan bütün işlərin görüləcəyini bildirdi.
Mövzu ətrafında müzakirələr aparılıb. Gənclərin müzakirələrdə fəal iştirakı, bu sahədə nümayiş etdirdikləri bilikləri, dünya və ölkə təcrübəsinə aid faktlar barəsində verdikləri məlumatları, etdikləri təklifləri, qaldırdıqları məsələləri ilə fərqləniblər.