Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyin şagirdləri üçün onlayn sınaq imtahanları keçirilib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə otk.az portalı vasitəsilə mütəmadi onlayn sınaq imtahanları keçirilir. Onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunur.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, martın 15-də Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına Hərbi Liseyin 11-ci sinif şagirdləri üçün Naxçıvan şəhər 6, 9 və 11 nömrəli tam orta məktəblərin kompüter zallarında qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə ödənişsiz onlayn sınaq imtahanları keçirilib. Onlayn sınaq imtahanlarının başlanması, gedişi və başa çatdırılması prosesi real vaxt rejimində DİM-dən – onlayn imtahanların idarə olunması mərkəzindən həyata keçirilib.

İmtahan saat 11.00-da başlayıb və 3 saat müddətində aparılıb.

Abituriyentlər onlayn imtahanı başa çatdıran kimi imtahanın nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olublar.

Qeyd edək ki, qəbul imtahanının birinci mərhələsində (buraxılış imtahanında) abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Abituriyentlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. Bütün abituriyentlər üçün hazırda otk.az portalı vasitəsilə qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə isə yeni test tapşırıqlarının istifadə olunacağı sınaq imtahanlarına qeydiyyat aparılır. İmtahanlar martın 16, 17 və 18-də gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahanın tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: