NDU tarixində ən yüksək göstərici: 2025-2026-ci tədris ilində ali təhsil ocağında 50 nəfər əcnəbi alim çalışacaq

A- A A+

Naxçıvan Dövlət Universitetinin strateji hədəflər sırasında əcnəbi akademiklərin tədrisə cəlbi xüsusilə diqqətdə saxlanılır, bu yöndə sıx əməkdaşlıqlar qurulur, əcnəbi ali təhsil müəssisələrinin alimləri fakültələr üzrə tədrisə cəlb olunur. Təsadüfi deyil ki, 2025-ci il  NDU tarixində əcnəbi alimlərin tədrisə cəlbində say olaraq ən yüksək göstərici qeydə alınıb. 7 fakültə üzrə 31 xarici professor yeni tədris ilində ali təhsil ocağına dəvət olunub. Beləliklə ötən ildən də dəvətli əcnəbi alimlər ilə birgə 2025-2026-ci tədris ilində Naxçıvan Dövlət Universitetində 50 nəfər əcnəbi müəllim çalışacaq. Türkiyə, İordaniya, Yaponiya, Macarıstan və digər ölkələrin nüfuzlu universitetlərdən olan alimlər xüsusilə tibb, əczaçılıq, mühəndislik, iqtisadiyyat, beynəlxalq münasibətlər, hüquq, xarici dillər və digər sahələr üzrə dərs deyəcəklər. Əksəriyyəti Türkiyənin qabaqcıl ali təhsil müəssisələri İstanbul Universiteti, Orta Şərq Texniki Universiteti (ODTÜ), Karadeniz Texnik Universiteti (KTÜ), Ege Universiteti, İstanbul Universiteti-Cərrahpaşadan olan qonaq professorlar dərslərdə  mühazirələr oxuyacaq, tədqiqat aparacaqlar. Artıq yeni tədris ilindən əcnəbi alimlərin dəsrləri başlanıb və onların NDU-dakı tədris dövrü ilə bağlı zəngin təəssüratları var.  

Professor Aysel Ersoy: “İstanbul Universiteti – Cərrahpaşada  Elektrik və elektronika mühəndisliyi kafedrasının professoruyam. Naxçıvan Dövlət Universitetində “Kompüter mühəndisliyi” ixtisasında “Rəqəmsal elektronika” dərsini tədris edirəm. Universitetdə ideal tədris şəraiti mövcuddur. Nümunə olaraq yeni açılışı olan Naxçıvan İnnovasiya Mərkəzini deyə bilərik ki, burada 5 laboratoriya var. Tədris müddətində əcnəbi və Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı tələbələrə dərsləri ingilis dilində keçirik. Bu tələbələr  çox intellektualdırlar, həm xarici dilə, həm də öz ana dillərinə yaxşı hakimdirlər. Onlarla rahatlıqla ünsiyyət qururuq və akademik bilgiləri tam şəkildə mənimsəyirlər”.

Professor  Osman Özkaraca: “Muğla Sıtkı Koçman Universitetinin Texnologiya fakültəsinin  proffesoru olaraq, hazırda Naxçıvan Dövlət Universitetində qarşılıqlı razılaşma çərçivəsində yeni tədris ilindən fəaliyyətə başlamışam. Məqsədmiz unveristetlərarası əlaqələri genişləndirmək, buradakı tələbələrə öz bilgilərimizi, təcrübələrimizi bölüşməkdir. Çox həvəsli və aktiv tələbələr var və bu da  dərsə ayrıca maraq yaradır. Onlarla yeni bilgiləri paylaşmaq məni çox şad edir”. 

Dosent Serdar Biroğul: Düzce Universitetində Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi kafedrasının dosentiyəm. Artıq altı aydır Naxçvan Dövlət Universitetində fəaliyyətimi davam etdirirəm.  Orada olduğu kimi, burada da süni intellektlə bağlı olan dərsləri tədris edirəm. Akademik heyətin fəaliyyəti, idarəçilik mühiti rahat iş imkanı yaradır. Hətta Naxçıvan Dövlət Universitetində fəaliyyətim dövründə üç konfransda iştirak etmişəm. Bu konfransların təşkilati heyətində yer almışam və bu mənim üçün çox önəmli təcrübə olub. Burada xüsusilə tələbələri də qeyd etməliyəm, gözəl hədəfləri olan tələbələr var”. 

Professor Mehmet Sarper Erdoğan: “İstanbul Universiteti–Cərrahpaşanın professoru olaraq İcimai səhiyyə sahəsi üzrə dərsləri tədris edirəm. Naxçıvanda olmaqdan çox məmnunam və semestr ərzində dörd dəfə burada olacağam. Universitetin zənigin tədris imkanları var, tələbələrin disiplinli olması diqqətimi çəkir, xüsusilə onlarda öyrənməyə böyük maraq var və bu məni sevindirir. İlk dərs təəssüratlarım yüksəkdir sonrakı səfərlərdə də məmnuniyyətlə iştirak edəcəyəm”. 

Qeyd edək ki, ali təhsil  ocağında artıq oktyabr ayından peşəkar inkişaf təlimlərinə də başlanılıb və bu çərçivədə əcnəbi professorlar bütün fakültələr üzrə müəllimlər üçün də təlimlər keçir. Bu təlimlər növbəti ilin aprel ayına qədər davam edəcək. Xatırladaq ki, cari ilin aprel ayında Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq məhz NDU-da genişmiqyaslı “Beynəlxalq Təlim Aylığı” proqramı həyata keçirilib. Proqram çərçivəsində 6 ölkədən 21 təlimçi universitetdə müxtəlif sahələri əhatə edən təlimlər aparıb. Həmin təlimlər 3 dildə – Azərbaycan, türk və ingilis dillərində olmaqla ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Niderland və Özbəkistandan olan tanınmış ekspertlərin iştirakı ilə baş tutub.

Aidə İbrahimova
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: